[b]Olimpiadaya vəsiqə qazanan idmançımız axar su axtarır - MÜSAHİBƏ[/b]
10.05.2016 - 14:38
[b]Olimpiadaya vəsiqə qazanan idmançımız axar su axtarır - MÜSAHİBƏ[/b]

Ölkə idmanı tarixində ilk dəfə kanoe-slalom növündə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Yure Meqliç mayın 12-də Slovakiyanın Liptovski şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı idmançı qitə çempionatında və Olimpiadadakı hədəflərindən danışıb.

 

- Avropa çempionatına hazırlığınız necə keçdi?
- Son hazırlıqlarımı Sloveniyada keçdim. Mayın 4-dək təlim-məşq toplanışında oldum. İlin əvvəlindən isə Avstriya, İspaniya, Fransa kimi ölkələrdə reqatalara qatıldım. Bunların birində 3-cü, bir başqasında 5-ci yeri tutdum. Avropa çempionatı bu il mənim ən böyük yarışım olacaq.

 

- Çempionatda nəyə ümid edirsiniz?
- İlk növbədə, finala yüksəlmək istəyirəm. Buna nail olsam, həlledici yürüşdə hər şey mümkündü. Bu ildən yürüşlər daha çox və sürətli olub. Ötən həftə bəzi xırda nüanslar üzə çıxdı ki, onları dəyişməliyəm. Amma ümidvaram ki, bunlara öyrəşmək üçün Avropa çempionatınadək vaxtımız olacaq. Ən önəmli məsələlərdən biri qayığı idarə edərkən, ayaqlardan daha çox yararlanmaqdı.

 

- Əsas rəqibləriniz kimlərdi?
- Düşünürəm ki, rəqib sayıla biləcək yaxşı kanoe-slalomçular var. Bilirəm ki, diqqətimi daha çox öz yürüşlərimə yönəltməli və başqa heç nə düşünməməliyəm. Amma Fransa, Almaniya, Polşa təmsilçiləri təhlükəlidilər. Onların bir çoxu ilə məşqlərdə iştirak etmişəm. Fikrimcə, qələbəyə iddialı kanoe-slalomçuların sayı 15-20-di.

 

- Əvvəllər 3 dəfə Avropa çempionu olmusunuz. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında hədəfiniz nədən ibarət olacaq?
- Medal qazanmaqdan. Biz medal üçün məşq edirik. Olimpiya medalı mənim uşaqlıq arzumdu. Lakin bunun üçün yürüşlərim sürətli və səhvsiz olmalıdı. Bundan sonra medal üçün başqa nəyin lazım olduğunu görə bilərik.

 

- Azərbaycanda avarçəkmə növlərinin hazırkı durumundan xəbərdarsınız?
- Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzi akademik avarçəkmə və kayak-kanoe üçün həqiqətən də yaxşı məkandı. Slalom üçün isə bizə axar su lazımdı. Ümidvaram ki, günlərin birində bu da olacaq. Bəzi yürüşlərin həqiqətən də ölkəmiz Azərbaycanda olmasını istərdim.

 

- Bu, sizin axırıncı olimpiadanız olacaq?
- İnanıram ki, yox. Gördüyüm işi sevirəm. İndi öyrəndiyimiz çalışmalarla növbəti illərdə də cəld ola bilərik. Ona görə də orqanizmimlə bağlı problemlərin ortaya çıxmayacağına ümidvaram.

 

- Yürüşləriniz zamanı daha çox cərimə xallarına səbəb olan səhvlərə yol verirsiniz. Razısınız?
- Bəli. Olimpiadayadək 100 gündən az vaxt qalıb. Hazırda sürət və cərimə amilləri mənim üçün mühümdü. Amma inanıram ki, Rio-2016-a kanoe-slalom yarışlarının başlayacağı avqustun 8-dək bunları aradan qaldıracağam.

 

0