[b]Voznyaçki “Mayami Open”də iştirakdan imtina edə bilər[/b]
20.04.2018 - 00:28
[b]Voznyaçki “Mayami Open”də iştirakdan imtina edə bilər[/b]

“Avstraliya Açıq” çempionu Karolin Voznyaçki “Mayami Açıq” turnirini boykot edə bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb bir neçə gün öncə keçirilən turnirin gedişində, Monika Puiq ilə oyun zamanı azarkeşlərin Voznyaçkinin və ailəsinin ünvanına təhqirlər səsləndirməsidi.

 

Sözügedən oyundan sonra Karolin Voznyaçki azarkeşlərin hərəkətindən şikayətlənmiş, eyni zamanda, turnirin təşkilatçılarını lazımi tədbirləri görməməkdə günahlandırmışdı.

 

Karolin Voznyaçki son açıqlamasına mövzuya bir də qayıdıb: “4-5 gün yata bilmədim. Qorxunc idi, özümə gələ bilmirdim. Hətta Devid deyirdi ki, bu, dəhşətdi, belə olmaz. Mənim üçün bir də təkrarlanmayacağına ümid etdiyim böyük təcrübə oldu”.

 

Bununla yanaşı, sabiq dünya bir nömrəsi turnirin direktoru – sabiq tennisçi Ceyms Bleykin bəyanatından da narazı qalıb: “Ceyms Bleyk özü ədalətsizliyin qurbanı olub, ona görə də inanırdım ki, baş verənləri cavabsız qoymayacaq, amma əvəzində o, heç nə etmədi.

 

Bəyanatı kimin hazırladığını bilmirəm, sadəcə, onu oxumaq imkanım oldu. Əlbəttə, çox təəssüfləndim, anladım ki, artıq heç kimə güvənmək olmaz. Özlərini elə apardılar ki, sanki hər şey yaxşıdı, heç nə olmayıb. Ancaq əslində, bu, belə deyildi. Oyundan sonra Devidin bacısı oğlu və qızı ağladılar, biz isə onlara başa salmağa çalışırdıq ki, insanların hərəkəti yanlışdı. Hər şeyi unutmaq istəyirdim, ancaq artıq bu barədə danışmağın önəmini dərk etmişəm.

 

Gələn il turnirə qatılacam, ya yox? – indi bu barədə qərar verməliyəm. İndilik nə edəcəyimi bilmirəm”.

 

Qeyd edək ki, Monika Puiq Florida ştatının Mayami şəhərində yaşayır. Mayami Puiqin həmyerliləri – puerto-rikoluların ən çox yaşadığı bölgə hesab olunur.

0