[b]Yelena Jemayeva: Pul versinlər, həll olunsun - MÜSAHİBƏ[/b]
14.04.2016 - 17:30
[b]Yelena Jemayeva: Pul versinlər, həll olunsun - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin sabiq qılıncoynadanı Yelena Jemayevanın apasport.az saytına müsahibəsi

 

- Artıq neçə vaxtdı məşqçilik fəaliyyətinə başlamısız. Bu sahədə işləriniz necə gedir?

- Hazırda yeniyetmələrlə çalışıram. Onlara sablya və rapira növlərinin sirlərini öyrədirəm. Həyat yoldaşım İlqar Məmmədov isə millinin bütün növləri üzrə baş məşqçisidi. Çalışdığım bu yaşda idmançıların hamısı perspektivli görünür. Böyük yaş qrupuna keçdikdən sonra isə onların istedadına aydınlıq gəlir.

 

- Artıq uzun müddətdi Rusiyada yaşayırsız. Oradan Azərbaycan qılıncoynatmasını izləyirsizmi?

- Əlbəttə, diqqətdə saxlayıram. Təkcə izləmək deyil, onlarla daim əlaqədə də oluram. Qızlar bizə qonaq da gəlmişdilər. Mən onları toplanışa dəvət etmişdim.

 

- Ölkəmizdə bu idman növünün hazırkı səviyyəsini necə qiymətləndirirsiz?

- Mən yalnız qadın sablyaçılarınız haqda fikir bildirə bilərəm. Onlar heç də zəif deyillər, təxminən eyni səviyyəli idmançılardı. İstənilən vaxt layiqli nəticə qazana bilərlər. Bildiyimə görə, onlar hələ Olimpiadaya lisenziya qazanmayıblar. Lakin şanslarını tam itirməyiblər.

 

- Bu idman növündə Azərbaycan adına xeyli uğur qazanmısız. Gedişinizdən sonra isə qılıncoynatmada sakitlikdi. Burada davamçınızı görürsüzmü?

- Yığmanızdakı sablyaçıların üçü də təxminən eyni gücdədi və uzun müddətdi ki, bu növlə məşğul olurlar. İdmanda kimin qalib gələcəyini və ya uduzacağını demək düz deyil. Onların hər biri qalib gələ bilər.

 

- İdmançılarımızın uğur qazanması üçün nə çatmır?

- Onların peşəkar səviyyədə hazırlıq keçməsi üçün şərait yoxdu. Qılıncoynadanlar idman bazasında qalmalı, rejimə riayət etməlidilər. Gündə 2 məşq təşkil olunmalıdı. Çalışdırıcı və sınaqçı rəqiblərin olması da vacib məqamlardandı. Hansısa nəticə qazanmaq üçün müəyyən əziyyətlərə qatlaşmalı, müəyyən xərclər çəkməlisən. Bu məsələlərdə azərbaycanlı qızlar Rusiya idmançıları ilə müqayisə oluna bilməzlər.

 

- Sizin vaxtınızda vəziyyət tam fərqli idi. Şərait də pis deyildi...

- Əlbəttə. Toplanışlarımızın xərclərini çəkirdilər. Mən ardıcıl 2 il ölkə xaricində hazırlıq keçdim. Rusiya qılıncoynatmasında bir nömrəli düşmən olduğum üçün məni ora buraxmırdılar. Bu üzdən İtaliya, ABŞ və Almaniyada toplanışlarda olmaqla, hazırlaşırdım. Özü də tək mən deyil, bütün komandamız. Bunun nəticəsində də uğurlu nəticələr göstərirdik və hər dünya çempionatında ilk “üçlüy”ə düşürdük.

 

- Uzun illər Azərbaycan millisinin şərəfini qorumusuz. Bəs məşqçi kimi ölkə idmanımıza hansısa fayda verməyi düşünmürsüzmü?

- Belə bir təklif almamışam. Yaşadığım yerdə məşqçi kimi çalışıram. Mənə zal verdilər, qrupuma uşaq və lazım olan personalı topladım. Yaxşı kollektivimiz var. Özümü də onlarla yaxşı hiss edirəm. Çünki sevdiyim işlə məşğul oluram. Yeniyetmə, gənc və böyük yaş qruplarından yetirmələrim var. Bir sözlə, hər şey yaxşıdı. Azərbaycanda isə ilk növbədə qılıncoynatma zalı olmalıdı. Hazırda orada normal işləmək üçün mümkün olan belə bir idman qurğusu yoxdu.

 

- Azərbaycan Qılıncoynatma Federasiyasının zalını saymırsız?

- Peşəkar tələblərə cavab verən qılıncoynatma zalı olmalıdı ki, burada səhərdən-axşamadək məşq etmək olsun. Rusiyada bizim istifadəmizdə belə zallar var. Burada günün istənilən vaxtı məşq etmək olur. Başqa cür nəticə əldə etmək mümkün deyil.

 

- Siz yığmamızı təlim-məşq toplanışı üçün Rusiyaya çağırdığınızı dediz. Bu, tez-tez olurmu?

- Onlar əvvəllər də buraya gəlmişdilər. Ola bilsin “Moskva sablyası” öncəsi yenə gəlsinlər. Bunu dəqiq deyə bilmərəm. Amma Moskvada hazırlıq keçmək baha başa gəlir. Əgər onlara pul ayrılsa, belə imkanı qaçırmayıb rusiyalı idmançılarla məşq etməkdən fayda götürərlər.

 

- Rio Olimpiadasına qısa müddət qalıb. Qılıncoynadanlarımızın lisenziya şanslarını necə dəyərləndirərdiz?

- Şans həmişə var. Avropa üzrə seçmə xarakterli yarış olacaq və burada istəklərini reallaşdıra bilərlər. Bu işdə onlara uğurlar arzulayıram. Azərbaycanın yaxşı heyəti var. Əlbəttə, lisenziya əldə etmələri mümkündü.

 

- Maraqlıdı, qayınatanız olan Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov və həyat yoldaşınız, Rusiya millisinin baş məşqçisi İlqar Məmmədovla birgə Azərbaycanda bu idman növünün durumu ilə müzakirələr aparmısızmı?

- Biz Azərbaycan qılıncoynatmasının problemlərindən həmişə danışırıq. Əvvəl hər şey daha yaxşı idi. Problemlərin hamısının həlli üçün maliyyə lazımdı. Pul versinlər, həll olunsun. Maliyə yoxdusa, çatışmazlığı necə aradan qaldırmaq olar? Bütün çətinliklər də elə buradan qaynaqlanır. Maliyyə problemi olmasaydı, toplanışlar olar, lazımı hazırlıq keçirilər və nəticələr də gələr.

 

0