Yığmamızla iki tsikldə “2” alan məşqçi
22.06.2022 - 00:00
Yığmamızla iki tsikldə “2” alan məşqçi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postunu tərk edən Milan Obradoviç yığmamızı 20 rəsmi matça çıxarıb.

Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis yığmamıza Avropa çempionatlarının iki seçmə tsiklində rəhbərlik edib.

AVRO-2021-in seçmə oyunları ərəfəsində bu posta gətirilən çalışdırıcının debütü 2019-cu il iyunun 6-da reallaşıb. Lixtenşteyndəki “siftə” biabırçılıqla nəticələnib. Yığmamız “cırtdanlar”a da uduzub – 0:1.

Ümumiyyətlə, U-21 həmişə olduğu kimi Obradoviçlə də sonuncu olmamaq uğrunda yarışıb. AVRO-2021 və AVRO-2023-ün seçmə mərhələlərində komandamız bu gülünc vəzifənin öhdəsindən gəlib. Milli 6 komandalı qrupda sonuncu olmayaraq, iki dəfə 5-ci yeri tutub.

Obradoviç hər iki tsikldə 2 qələbə görüb. Öncə 6, sonra 7 xal toplayan yığma bundan artığını bacarmayıb.

Serbiyalı ilə 20 seçmə oyunda 4 qələbə və 1 heç-heçəsi olan komanda 15 dəfə məyus olub. Vurulan 18 qola rəqiblər 42 dəfə cavab verib.

Başa çatan müqavilə müddətinin uzadılmaması ilə Obradoviçin rekord arzuları puç olub. O, yığmanı 27 seçmə oyuna çıxaran və 5 qələbəsində iştirak edən Bernard Lippertin bu iki rekordunu keçə bilməyəcək.

Qeyd edək ki, Obradoviçli yığma qrupun aşkar autsayderi Estoniyanı səfərdə 5:0 hesabı ilə yenməklə tarixinin ən böyükhesablı qələbəsini də qazanıb.

0