“Zenit”in futbolçusu: “Azərbaycanın heyətində yaxşı legionerlər var”
31.05.2022 - 14:00
“Zenit”in futbolçusu: “Azərbaycanın heyətində yaxşı legionerlər var”

“Təlim-məşq toplanışına ilk rəqibimiz olan Azərbaycanın matçlarının videolarına baxmaqla başladıq”.

Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının müdafiəçisi Nurali Alip deyib.

Yerli mətbuata müsahibə verən 23 yaşlı futbolçu komandasının Millətlər Liqasındakı şanslarını dəyərləndirib. O, ilk növbədə bütün diqqətlərini iyunun 3-də Nur-Sultanda Azərbaycan millisinə qarşı keçiriləcək matça yönəltdiklərini vurğulayıb: “Əvvəlki oyunlarımızın təhlilini apardıq, məşqçilərimiz buraxdığımız səhvləri başa saldı. Ümid edirəm ki, önümüzdəki matçda belə səhvlərə yol verməyəcəyik və Azərbaycana qalib gələcəyik”.

“Zenit”in gənc oyunçusu yığmamızla görüşdə azarkeşlərin dəstəyinə ehtiyaclarının olacağını söyləyib: “Azərbaycan çox ciddi rəqibdir. Çünki onların heyətində xarici klublarda çıxış edən yaxşı legionerlər var. Heç kəsi qiymətləndirməmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq, sanki son döyüşə çıxırıq kimi köklənmək lazımdır. Düşünürəm ki, Azərbaycanla ilk görüşdə çox şey azarkeşlərdən asılı olacaq. İstəyirəm ki, onlar stadionu doldursunlar, bizi dəstəkləsinlər. Qarşılaşma çətin olacaq, asan keçməyəcək. Amma biz qələbə qazanmaq və həmyerlilərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Nuralı Alip C Liqasının III qrupunun favoritini də açıqlayıb: “Heç kimə sirr deyil ki, qrupun favoriti Slovakiyadır. Üstəlik, indi onlarla iki dəfə oynamalıyıq. Belə bir rəqiblə duellər maraqlı olacaq. Bütün rəqiblər güclüdür. Qrupumuzda zəif komanda yoxdur. Bütün yığmalar bərabər səviyyədədir. Kim sıx təqvimə daha yaxşı uyğunlaşacaq, o da çox xal qazanacaq”.

Qeyd edək ki, iyunun 3-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

0