Azərbaycan yığması biabırçı formadadır - PROQNOZ
10.06.2022 - 11:22
Azərbaycan yığması biabırçı formadadır - PROQNOZ

Azərbaycan yığması Millətlər Liqasının III turunda bu gün Slovakiyanı qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, C liqasının 3-cü qrupunda yer alan komandamız “Dalğa Arena”dakı görüşdə ilk qələbəsini qazanmağa çalışacaq.

Lakin rusiyalı futbol eksperti Dmitri Matorkin Canni de Byazinin yetirmələrinin bunu bacaracağına inanmır. Mütəxəssis millimizin ən yaxşı halda heç-heçəyə ümid edə biləcəyini söyləyib:

Millətlər Liqasında hələ qol vurmayan Azərbaycan yığması son 15 oyunda cəmi 1 qələbə qazanıb. DÇ-2022-nin seçmə qrup mərhələsində Canni de Byazinin komandası sadəcə 1 xal toplaya bildi. Onların C liqasında qalması böyük imtiyaz olardı. Slovakiya isə dünya çempionatının seçmə qrupunda 3-4-cü yerləri bölüşdülər ki, bu da kifayət qədər yaxşı nəticədir. Amma komandanın ötən turda öz meydanında Qazaxıstana uduzması sürpriz oldu.

Slovakiyanın bu görüşdə qələbə əmsalı heç də pis deyil – 1,84. Azərbaycan yığması indi çox pis vəziyyətdədir və belə güclü rəqibə qalib gəlməyi çətin ki, gözləsinlər. Ev sahibləri biabırçı formadadır. Slovakiyalılar isə Qazaxıstana məğlubiyyətdən sonra özünəinamı bərpa etmək istəyir. Slovakiya son vaxtlar az qol vurur. Amma Azərbaycanın nəticələrinə baxdıqda ALT yazmaq riskli olar.

Azərbaycan yığması son 10 matçın yalnız birində qapısının toxunulmazlığını qoruya bilib. Slovaklar da az qol vurur və oyunlarında çox az halda qarşılıqlı qollar olur. Bütün bunlar meydan sahiblərinə heç-heçə və ya minimum hesabla məğlubiyyət şansı verir. Azərbaycanın qələbəsinə inanmaq çətindir, komanda acınacaqlı durumdadır.

Proqnozum: Komandalardan ən azı biri qol vurmayacaq.
 

0