"Fənərbaxça" və "Beşiktaş" üçün uğursuz gecə
10.11.2023 - 11:12
"Fənərbaxça" və "Beşiktaş" üçün uğursuz gecə

Türkiyəni UEFA Konfrans Liqasında təmsil edən "Beşiktaş" və "Fənərbaxça" turnirin qrup mərhələsinin 4-cü turunda keçirdiyi görüşlərdə məğlub olub.

Apasport.az xəbər verir ki, "qara qartallar" İstanbulda Norveçin "Budyo-Qlimt" komandasını qəbul edib.

"Beşiktaş" matçın favoriti hesab edilsə də, evdə 1:2 hesabı ilə uduzub. Qonaqların heyətində Faris Mumbanya dubla imza atıb, ev sahiblərinin yeganə qolunu isə Tayfur Bingöl vurub.

Türkiyə klubu 4 oyundan sonra əvvəlki kimi D qrupunda cəmi bir xalla sonuncu pillədə qərarlaşıb. Bu qələbə sayəsində “Budyo-Qlimt” yeddi xal toplayıb və ikinci pillədə qərarlaşıb.

Turnirin ikinci İstanbul klubu “Fənərbaxça” Bolqarıstan səfərində yerli “Ludoqorets”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 18-ci dəqiqədə Bolqarıstan klubunun futbolçusu Yakub Piotrovski vurub. Oyunun əsas vaxtına əlavə olunan ikinci dəqiqədə yekun hesabı braziliyalı Ruan Seko qoyub.

“Fənərbaxça” məğlubiyyətə baxmayaraq, 4 oyundan sonra 9 xalla H qrupunda liderliyini davam etdirir. “Ludoqorets” 6 xalla üçüncüdür.

0