Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda antirekorda şərik çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu bir mövsümdə üç futbolçusu qırmızı vərəqə alan ikinci Azərbaycan komandasıdı.
Bu antirekord Çempionlar Liqasının qrup mərhələsinin V turunda rəsmiləşib. “Çelsi” ilə matçda meydandan qovulan Rəşad Sadıqov xoşagəlməz seriyanı davam etdirib.
Belə ki, “Qarabağ” ardıcıl 3-cü oyunda qırmızı vərəqəyə üzülüb. “Atletiko” ilə III turun matçında Dino Ndlovu, IV turun görüşündə Pedro Enrike belə cəza görmüşdü.
“Qarabağ” qədər yalnız bir dəfə Azərbaycan təmsilçisi mövsümdə 3 dəfə belə cəzalanıb. Buna 2014/15 mövsümündə təsadüf olunub.
Həmin vaxt yeni antirekordu “Neftçi” müəyyənləşdirib. Erik Ramos, Ernest Nfor və Kaue da Silva qırmızı vərəqə alıb. Lakin “ağ-qaralar”ın üçü də eyni matçda cəzalanıb. Legionerlər Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la ev oyununda “fərqləniblər”.
Bu isə o deməkdi ki, mövsümdəki qırmızı vərəqə sayında “Neftçi”yə şərik çıxan “Qarabağ” özü də bir yeni antirekord müəllifi olub. Ağdam klubu ardıcıl 3 matçda azlıqda qalan ilk komandamızdı.