Bu gün futzal üzrə AVRO-2016-nın final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, gələn il fevralın 2-dən 13-dək Serbiyada təşkil olunacaq yarışın 12 iştirakçısı 4 qrupa bölünüb.
Azərbaycan millisi ardıcıl 4-cü dəfə qatılacağı final mərhələsində D qrupunda mübarizə aparacaq. Komandamız İtaliya və Çexiya ilə qarşılaşmalarda qüvvəsini sınayacaq.
A qrupu: Serbiya, Portuqaliya, Sloveniya
B qrupu: İspaniya, Ukrayna, Macarıstan
C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan
D qrupu: İtaliya, Çexiya, Azərbaycan
Püşk zamanı 3-cü səbətdə qərarlaşan komandamız fevralın 3-də 1-ci səbətdən çıxan son Avropa çempionu İtaliya ilə qarşılaşacaq. İkinci turun fevralın 5-də keçiriləcək matçında isə yığmamızın rəqibi Çexiya olacaq. Millimiz son turda – fevralın 7-də istirahət edəcək.
Qruplarda ilk iki yeri tutan komandalar ayın 8-9-da 1/4 finalda gücünü sınayacaq. Fevralın 11-də yarımfinal, 13-də III yer uğrunda qarşılaşma və final baş tutacaq.