Bakıda “Formula-2” yarışının VIII mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, 20 pilotun qatıldığı 21 dövrəli mübarizə Boyuk Britaniyanın “Pertamina Arden” komandasının pilotu Norman Natonun qələbəsi ilə yekunlaşıb.
24 yaşlı pilot 40:37.601 nəticə göstərib. İkinci yeri “PREMA Racing”dən Şarl Lekler (40:46.318), üçüncü pilləni isə DAMS-dan Nikolas Latifi (40:49.175) tutub.
Maraqlıdı ki, Şarl Lekler dünən olduğu kimi bu gün də yarışı birinci pillədə bitirsə də, hakimlər tərəfindən 10 saniyə cərimələnməsi (sarı bayraq qaldırılan zaman sürəti aşağı salmadığı üçün) səbəbindən ikinci pillədə qərarlaşmalı olub.
Yarışda 18 pilot çıxışını sonadək davam etdirib. Nik de Vries (“Rapax”, Hollandiya), Oliver Rovland ( DAMS, Fransa) qəza törətdiklərindən mübarizəni vaxtından əvvəl dayandırıblar.
Qeyd edək ki, “Formula-2”nin VII mərhələsinin 29 dairədən ibarət yarışının "ilk üçlüy"ündə “PREMA Racing”dən Şarl Lekler (52:33.196), “Rapax”dan Nik De Vries (52:36.665) və DAMS-dan Nikolas Latifi (52:39.586) qərarlaşmışdı.