“İnter”in Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşma gənc hakimə tapşırılıb. Apasport.az saytının məlumatına görə, “Fola” ilə Lüksemburqdakı görüşü idarə edəcək Donatas Rumsasın cəmi 29 yaşı var.
1988-ci ildə anadan olan ədalət təmsilçisi FİFA referisi statusunu 2016-cı ildən daşıyır. Təxminən ilyarımlıq beynəlxalq təcrübə zamanı Rumsas əsasən U-17, U-19 və U-21 yığmalarının oyunlarında fit çalıb.
Lakin litvalının yolları Azərbaycan milliləri ilə kəsişməyib. Rumsas Lüksemburqda özünün ikinci avrokubok matçına çıxacaq. Onun siftəsi ötən il gerçəkləşib.
Avropa Liqasının I təsnifat mərhələsinə təyinat alan referi Xorvatiya “Lokomotiv”inin səfərdə “Santa Koloma”nı udmasına şahid olub – 3:1. O, qonaqların lehinə penalti qərarı ilə də diqqət çəkib.