UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şerif” matçının baş hakimi Sergey Tsinkeviç kifayət qədər tanış simadı. Apasport.az saytının məlumatına görə, belaruslu referi karyerası ərzində 4-cü dəfə Bakıya təşrif buyuracaq.
Buna qədər o, “Qarabağ”la yanaşı, “Qəbələ” və “Neftçi”nin də avrokubok oyunları üçün ölkəmizə gəlib. Tsinkeviçin Azərbaycan klubları ilə yolu ilk dəfə 2014-15 mövsümündə kəsişib. 2014-cü il iyulun 22-də Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində məhz onun idarə etdiyi qarşılaşmada “Qarabağ” “Valletta” üzərində 4:0 hesablı qələbə qazanıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab görüşündə belaruslu Leroy Corcu sarı vərəqə ilə cəzalandırıbsa, Malta klubunun 2 futbolçusunu meydandan qovub.
Tsinkeviç ötən mövsüm 2 dəfə Bakıda olub. O, ilk olaraq UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutan “Qəbələ” – “Samterdia” (Gürcüstan) oyununun 4-cü hakimi olub. Keçən il iyunun 30-da oynanılan qarşılaşma “qırmızı-qaralar”ın 5:1 hesablı qələbəsi ilə nəticələnib.
Bundan iki həftə sonra UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” – “Şkendiya” (Makedoniya) qarşılaşmasında ədalət təmsilçisi olan hakim qolsuz bərabərliyə şahidlik edib. 41 yaşlı hakim “ağ-qaralar”ın heyətində Murad Ağayevə sarı vərəqə göstərib.
Maraqlıdı ki, Tsinkeviç cəmi 9 gün əvvəl digər təmsilçimiz "Zirə"nin oyununa təyinat alıb. Belə ki, o, bakılılıarın Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Astra" ilə Rumıniyadakı matçında fit çalıb. Rumınların 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada referi "Zirə"nin 2 oyunçusuna (Jozef Bum, Aleksandr Şemonayev) sarı vərəqə göstərib.
Ümumilikdə beynəlxalq arenada 29 oyun idarə edən Sergey Tsinkeviç 3 dəfə penalti nöqtəsini göstəribsə, 81 sarı, 5 qırmızı vərəqəyə əl atıb.