Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan yığmasının məskunlaşdığı Olimpiya kəndində bayrağımızın qaldırılma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirə yığmamızın şef-de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin rəsmisi Həsənağa Rzayev və digər rəsmi şəxslər qatılıblar.
Fevralın 9-25-də keçiriləcək Olimpiadada Azərbaycan Patrik Braxnerlə təmsil olunacaq. Yığmamızda bayraqdar funksiyasını da yerinə yetirəcək 26 yaşlı avstriyalı slalom və nəhəng slalom növlərində çıxış edəcək.
Qeyd edək ki, Braxner Soçi-2014-də də yığmamızın heyətində olub.