Xanım güləşçilərimiz uğursuzluqla üzləşdilər - YENİLƏNİB
30.06.2009 - 13:35
Xanım güləşçilərimiz uğursuzluqla üzləşdilər - YENİLƏNİB
Bu gün Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə gənclər arasında Avropa birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, çempionatda öncə xanım pəhləvanlar mübarizəyə qoşulublar. İlk yarış günündə Azərbaycan yığmasının iki üzvü - Fatma Əhmədova (48 kq) və Günay İsmayılova (55 kq) qüvvələrini sınayıblar.

48 kq
Təəssüf ki, debüt yığmamız üçün uğursuz alınıb. Belə ki, Fatma 1/8 finalda Türkiyə təmsilçisi Sümeyya Sezərə məğlub olub. İlk hissə 1:1 hesabı ilə nəticələnsə də, növbəti raundda Sezər 4 xal qazanıb. Yekunda 17 yaşlı Əhmədova rəqibinə 1:5 hesabı ilə uduzub. Həmyerlimiz təsəlliverici mərhələyə qatılaraq, bürünc medal uğrunda yarışmaq üçün Sümeyyanın finala yüksəlməsini arzulayırdı. 1/4 final mərhələsini adlayan türkiyəli güləşçi yarımfinalda uğursuzluqla üzləşib. Belə olan halda, Fatma yox, məhz Sümeyya özü təsəlliverici mərhələdə iştirak hüququna yiyələnib. Başqa sözlə, bu çəki dərəcəsində yığmamızın üzvü medal qazanmağı bacarmayıb.

55 kq
Eyni aqibəti Günay İsmayılova da yaşayıb. 19 yaşlı pəhləvan ilk mərhələdə Sabrina Axenbekə (Almaniya) uduzub. Sonradan məlum olub ki, Axenbekin yarışda elə Günaya çatır. Belə ki, 1/4 finalda latviyalı Anastasiya Qriqoryeva Sabrinaya çətinlik çəkmədən qalib gəlib. Bununla da, İsmayılova bürünc medal qazanmaq şansını da itirib.

Çempionatın birinci günündə mükafatsız qalan milli komandamızda Nigar Əhmədovaya (51 kq) ümid bəslənilir. O, sabah bacarığını nümayiş etdirəcək. İyulun 5-dək davam edəcək çempionata həm də 8 sərbəst və 7 yunan-Roma güləşçimiz qatılıb.
0