“Xəzər Lənkəran” Mustafa Dənizliyə ciddi pullar ödəyib"
22.04.2014 - 08:46
“Xəzər Lənkəran” Mustafa Dənizliyə ciddi pullar ödəyib"

“Bakı”nın prezidenti Madrid “Atletiko”sunun sponsorlarından biridir və onun komandasını mübarizədən çıxartmağı bacardıq. Kubokda finala yüksəlmək hədəfimiz sıralamamızda ön plana çıxıb. Təbii ki, çempionatda bir az boşaldıq və toparlanmağımız lazımdır. Bu çempionatda onsuz da aşağı dəstəyə düşən olmadığı üçün sıxıntı yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar deyib.

Türkiyəli çalışdırıcı “Xəzər Lənkəran”ın məşqçisi Mustafa Dənizlinin “Qəbələ”ni ölkə kubokunun cavab matçında keçəcəyinə inandığını bildirib.

 

O, buna nümunə kimi Dənizlinin İsveçrənin “Ksamaks” klubunu keçməsini göstərib: “Biz burda uğurlu olmaqla, türkiyəli məşqçilərin yolunu açmaq istəyirik. Mustafa Dənizli çox uğurlu gedir, bəzi şanssızlıqları oldu. İnşallah, yarımfinalda ilk matçda 0:3 məğlub olmasına baxmayaraq, ikinci görüşdə qələbə qazanar. Çox ümidliyəm, yaxşı bir komanda olduğunu düşünürəm. Xatırlayırsınızsa, onun komandası unudulmaz “Ksamaks” matçında 0:3 uduzsa da, revanş almaqla tarix yazmışdı”.

Ötən həftə ölkəmizdə səfərdə olan Samet Aybaba sən demə, “Neftçi” – “Rəvan” matçını izləməklə kifayətlənməyibmiş. Kurtar yaxın dostu olan Aybabanın AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdüyünü bildirib: “Samet hoca İsmail Dilbər ilə kubok matçımızı izləməyə gəlmişdi. AFFA prezidenti ilə tanış oldu və görüşdülər. Yücəl İldiz, Giray Bulak kimi adlar da sabah, o biri gün bura gələ bilər”.

Kurtar sonda “Fənərbaxça”nın sabiq çalışdırıcısı Aykut Kocamanın milli komandamızda çalışa biləcəyini söyləyib. Onun sözlərinə görə, Berti Foqts yaxınlarda yığmamızı tərk edə bilər: “Xəzər Lənkəran” Mustafa hocaya çox ciddi pullar ödəyib. “Qəbələ” komandasının güclü və maddi qaynaqlarının yaxşı vəziyyətdə olduğunu bilirəm. Daha əvvəl Aykut Kocamana Sofiya “Levski”sindən təklif gəlmişdi, ancaq qəbul etməmişdi. Və ya Berti Foqts yaxın vaxtlarda vəzifəsini buraxa bilər və yerinə Türkiyədən marka isimlər gündəmə gələ bilər. Mövsümün əvvəlində bəlkə hoca da Azərbaycan yığmasında işləməyi qəbul edə bilər. Ümid edirəm ki, türkiyəli məşqçilərin sayı burda artar”.

0