Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Zalsburq”la görüşdə (2:1) qələbə topunu vurandan sonra qırımızı vərəqə ilə cəzalandırılan “Qarabağ” klubunun braziliyalı futbolçusu Reynaldonun apasport.az saytına müsahibəsi.
- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Çətin oldu. Müdafiədən oynayıb, rəqibi əks-hücumda yaxalamağa çalışırdıq. Nəticədə iki qol vurub, qələbə qazandıq. Növbəti matçı gözləyəcəyik.
- Hücumda tək qalmışdınız. 4-5 müdafiəçinin əhatəsindən sıyrılmaq çətin deyildi?
- Əlbəttə, çətin idi. Ancaq komanda şəklində yaxşı oynadıq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq.
- Qırmızı vərəqə ilə cəzalandırıldığınız üçün cavab matçında komandanıza kömək edə bilməyəcəksiniz. Həmin epizodda kobudluğa ehtiyac var idi?
- Epizodla bağlı bir söz deyə bilmərəm. Bunun üçün videoyazıya baxmaq lazımdı. Təəssüf ki, cavab matçında komanda kömək edə bilməyəcəm. Öz adıma çox üzgünəm.
- Baş hakim yanlış qərar vermişdi?
- Dəqiq fikir yürüdə bilmərəm. Bunun üçün gərək epizodun təkrarına baxasan.
- Qırımızı vərəqə alsanız da, azarkeşlər sizi meydandan alqışlarla yola saldı. Bu, sizə necə təsir etdi?
- Azarkeşlər tək məni yox, bütün komandamızı alqışladılar. Onlara təşəkkür edirəm. Bizi həqiqətən də sona qədər dəstəklədilər.
- “Qarabağ” sizsiz mərhələ adlaya biləcək?
- Təbii ki, komanda əlindən gələni edəcək. “Qarabağ” Zalsburqda da yaxşı oynayıb, bu üstünlüyü əldən verməməlidi. Komandamızın mərhələ keçəcəyinə inanıram.
- Reynaldo və Admir Telinin yoxluğu heyətlə bağlı problem yaratmayacaq?
- Xeyr, komandada məni və Telini əvəzləyəcək futbolçular var. Onlar səfərdəki oyunda komandamıza çox kömək edəcəklər. Buna inanıram.
- Pley-off mərhələsinə yüksələ biləcəksiniz?
- Cavab oyununu oynamamış bir söz deyə bilmərəm.