UEFA yaranmasının 60 illiyi münasibətilə tarixinin ən yaxşı qolunu seçir. Apasport.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı vasitəsilə keçirilən sorğuda rumıniyalı Georgi Hacı liderdi.
Onun 2000-ci ildə “Qalatasaray”ın heyətində “Monako”ya vurduğu qol 293 min səs toplayıb. İstanbul təmsilçisi “Ali Sami Yen” stadionunda keçirilmiş həmin görüşdə 3:2 hesablı qələbə qazanmışdı.
Hacını italiyalı futbolçu Pyetro Anastasi izləyir. Onun AVRO-1968-də Yuqoslaviyaya vurduğu qol 180 min səslə ikincidi. İlk “üçlüyü” isə Ronaldo qapayır. Portuqaliyalı hücumçu Çempionlar Liqası çərçivəsində, 2009-cu ildə “Mançester Yunayted”in heyətində “Portu”ya vurduğu qol 166 min səs yığıb.
Qeyd edək ki, sorğuda 60 ən yaxşı qol yer alıb. 15 iyunda başlayan səsvermə noyabrın 25-də başa çatacaq. Qalibin adı isə dekabrın 1-də bilinəcək.