Vadim Vasilyev: "Onlara yeyib-içən deyirlər, mənə "alkaş" - MÜSAHİBƏ
04.12.2019 - 11:49
Vadim Vasilyev: "Onlara yeyib-içən deyirlər, mənə "alkaş" - MÜSAHİBƏ

90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Azərbaycanda hansısa futbolçuya maraq nadir hallarda olardı. Ancaq bir hücumçu var idi ki, Avropasayağı xarici görünüşü, uzun saçları, azərbaycanlılara xas olmayan başla qolları ilə hamı tərəfindən sevilirdi.

1993-cü ildə "Xəzri" ilə başlayan peşəkar karyerası 2007-ci ildə "Karvan"la başa çatdı. "Bakı Fəhləsi"ndə parladı, "Neftçi"dəki çıxışı ilə daha çox tanınmağa başladı. 1999-cu ildə "Neftçi" ilə bərabər Azərbaycan millisinin qapıları da üzünə açıldı.

Donetsk "Metallurq"unda, Simferopol "Tavriya"sında legioner həyatı yaşadı, "Qarabağ"ın, "Bakı"nın, "Olimpik"in formasını geyindi. Ancaq karyerasını bitirdikdən sonra sanki qeybə çəkildi. Bir dönəm AFFA-da görünsə də, uzun müddət sevimli peşəsindən uzaq qaldı, çörəkpulu qazanmaq üçün hətta çimərliklərin birində xilasedici kimi də çalışdı. Düzdür, hazırda uşaq futbolu ilə məşğuldur. Ancaq gözdən-qulaqdan uzaqda.

Söhbət "Neftçi" ilə Azərbaycan çempionu olmuş, ölkə kubokunu qazanmış Vadim Vasilyevdən gedir. Apasport.az saytının "Ofsayd" rubrikasının budəfəki qonağı "Srvena Zvezda"ya qarşı 1999-cu ildə UEFA Kuboku matçında vurduğu 2 qolla hələ də xatirələrdə qalan 47 yaşlı mütəxəssisdir.

"İndiki funksionerlər bizim peraşki yeyib oyuna çıxdığımızı görməyiblər"
- İstər futbol ictimaiyyətinin, istərsə də mətbuatın diqqətindən kənarda qalan futbol adamlarındansınız. Hazırda nə işlə məşğulsunuz?
- Kazbek Tuayevin rəhbəri olduğu Bakı İxtisaslaşdırılmış Futbol Məktəbində çalışıram. Uşaq futbolu ilə məşğulam.

- Vadim Vasilyev hansısa klubda, millidə məşqçi kimi çalışmağa da layiq deyil?
- Canla-başla işləyərdim. Üstəlik, bizdə hücumçu problemi olduğunu hamı görür. Ən azı elə yerə təyin edərdilər ki, hücumçularla çalışıb, onlara ön xətdə necə rəftar etmək lazım olduğunu öyrədərdim.

- Azarkeşlərin ən sevimli futbolçularından biri olmusunuz. Futbol funksionerləri tərəfindən sizə qarşı bu münasibət nədən qaynaqlanır?
- Azarkeşlərə özümü oyunumla, onlara qarşı olan münasibətimlə sevdirmişəm. O ki qaldı suala, bu funksionerlər o vaxt futbol sahəsində deyildilər, sonradan gələnlərdir. Onlar bizim peraşki yeyib oyuna çıxdığımızı, məşq etmək üçün buts axtardığımızı, mövsümü bir forma ilə keçirməyimizi görməyiblər. Həmin dövrdə indiki qədər pul yox idi. Əziyyət çəkirdik, aylarla maaş almırdıq. Biz həmin vaxt yaşıl meydanlarda əziyyət çəkəndə onlar oxuyurdular, başqa işlərlə məşğul idilər. İndi funksioner olublar. Futbol savadlarını da görürük. Təbii ki, onların yanında futbolu bilən adamlar lazımdır. Niyə Qurban Qurbanovun işləri qaydasında gedir? Çünki orada hər şey düzgün qurulub. Funksioner də işləyir, üstəlik, futbola aid uşaqlar bir araya cəmləşib. Xaricdən gətirdikləri əcnəbilər də normal futbolçulardır.

"Biz futbolu küçələrdə oynayırdıq, indikilər kompyuterdə"
- Razıyam ki, klub sayı çox azdır. Digər tərəfdən, guya indi klublarda olanların hamısı işinin peşəkarıdır?

- Düzdür, biz uşaq futboluna sovet dönəmində başlamışdıq. Hər klubun 5 uşaq komandası fəaliyyət göstərirdi. Həmçinin "Neftçi"nin "dubl"u var idi. Onlar "kiçik Avropa" kimi oynayırdılar. Amma indi hər klubun kifayət qədər uşaq futbol komandası var. Bu prizmadan yanaşsaq, peşəkar demək olar.

- Bir ara dolanışıq üçün hətta idmanla əlaqəsi olmayan sahələrdə çalışmısınız. Futbolu seçdiyiniz üçün heç peşmanlıq hissi keçirmisiniz?
- Heç vaxt. Çünki sizin də dediyiniz kimi, başqa sahələrdə də işləmişəm. Hər yerə təpik döydüm, axırda dedim ki, bildiyim ən yaxşı iş elə futboldur. Çünki gözümü açandan idman görmüşəm. Basketbol, xokkey də bura aiddir. Biz futbolu küçələrdə oynayırdıq, indikilər kompyuterdə. Elə buna görə də, fiziki dözümlülükləri yoxdur, milli komandaya xaricdən oyunçular axtarırlar.

- Sizə qarşı olan bu münasibətə görə, özünüzü nədəsə günahlandırmısınız?
- Əlbəttə, səhvlərim olub. Bunlar da futboldan sonra olub. İşsiz, boş qalanda "vurmuşuq" (gülür).

- İndi işləyənlərin heç biri "vurmur"?
- Bilirsiniz, mən "vuranda" dərhal gözə batırdım, digərləri isə... Onlara yeyib-içən deyirlər, mənə "alkaş". Deməyə bir söz tapırlar da. Elə adamlar olub ki, heç mənimlə bir masa arxasında əyləşməyib, amma orda-burda yayır ki, Vadimlə oturub yeyib-içmişəm, "vurmuşam". Gəlib tuturam, deyirəm ki, niyə nağıl danışırsan, mənimlə nə vaxt oturmusan? Özünə hörmət qazanır, məni "zibilə salır".

"Yenə o qapını, bu qapını döyəcəkdim"
- Kazbek Tuayev məktəbi olmasaydı, indi nə işlə məşğul olacaqdınız?

- Allah bilir. Yəqin ki, axtarıb nəsə tapardım. Yenə o qapını, bu qapını döyəcəkdim. Məgər az olub? "Bakı" klubunun qapısını 7 ay döydüm, iş vermədilər. Getdim-gəldim, yalandan "olacaq" dedilər, "döz" dedilər, xeyri olmadı. Sağ olsun Kazbek müəllim, eşidib ki, Vadim işsizdir, dərhal çağırdı. Belə insanlar çox azdır.

- "Neftçi"dəki oyununuzla daha çox sevilmisiniz. Bu klubun rəhbərliyindən də heç iş təklifi almamısınız?
- Bəlkə Kazbek Tuayevin məktəbində işlədiyimi bilirlər və ya uşaq komandalarında yer olsa da, mənə oranı rəva görmürlər, təklif etməyə utanırlar. Düzdür, uşaqla işləmək çox çətindir. Heç mənim də ürəyimcə deyil. 16, 17, 18 yaşlılarla işləyərəm, onları yaxşı hazırlayaram. Amma balaca uşaqlarla çox çətindir. Bu balacaları başqaları öyrətməlidir, mən taktikanı, oyun quruluşunu göstərməliyəm. Daha yetkin futbolçularla işləmək istəyərdim.

- Nədənsə, kənarda qalan futbolçular, mütəxəssislər sözün düzünü deyən şəxslərdir. Bəlkə elə bu xüsusiyyətiniz məşqçilik yolunda sizə mane olub?
- Hamı bilir ki, mən gizlin işi sevmirəm. Nə görürəmsə, dərhal həmin şəxsin üzünə deyəcəm. Bir dəfə elit-proqram üçün almaniyalı mütəxəssis gəlmişdi və biz Tovuzda idik. Bir məsələ var idi, aramızda fikir ayrılığı yarandı. Axıra qədər sözümdən dönmədim və sonra gəlib əlimi sıxdı ki, sənin dediyinin alınacağına inanmırdım, ancaq doğrusu bu idi.

"Qazaxıstan yığmasını "sürüyürdük", Qırğızıstanı rəqib saymırdıq"
- Kənardan Azərbaycan futbolu necə görünür?

- Millimizin son seçmə mərhələdəki nəticəsi bu sualın cavabı üçün yetərli olar. İndi bizim gözümüzə gürcüləri, estonları soxurlar. Olmayan bir hadisə baş verdi, 8 oyunda 1 xal topladıq. İndi oturub fikirləşmək lazımdır, nəsə dəyişiklik olmalıdır. Yaxşı ki, "Qarabağ" bu mövsüm Avropa Liqasının qrupunda iştirak etdi. Baxaq görək, gələn mövsüm də bu təkrarlanacaqmı? "Qarabağ"da qurulan sistem hələ ki, işləyir. Amma əsas heyət üzvlərinin çoxu artıq qocalır. Yeni oyunçular tapmaq lazımdır ki, bu da əlavə xərc deməkdir.

- Çempionatımızın səviyyəsini nəzərə alsaq, millimizin AVRO-2020-nin seçmə mərhələsində topladığı 1 xalı qanunauyğunluq kimi saymaq olarmı?
- Əlbəttə. Belə çempionatla başqa yığmalardan xal ala bilərik? Millidə oynamaq üçün oyunçunu haradan tapaq? 20 nəfər yığmaqda çətinlik çəkirik, onların da 3-4-ü xaricdən gətirilir. Heç özümüzünkülər də xaricə çıxmırlar. Heç olmasa 19-20 yaşlı istedadlı gəncləri göndərsinlər başqa ölkələrə. Guya xaricə "çıxışları" yoxdur?

- Futbolçular güclü qrupa düşmələrindən şikayətləndilər. Şəraitsizlik dönəmində bundan çox xal topladığınızı nəzərə alsaq, onların indi buna haqları çatırmı?
- Məgər Portuqaliya, Türkiyə güclü deyildi? Ən azı onlarla rəqabət aparırdıq, vuruşurduq, dalaşırdıq. Uels də gəlmişdi, həmin vaxt Bakıda belə rahat qələbə qazana bilərdi? O vaxt Portuqaliya ilə heç-heçəyə görə komandaya 1000 dollar mükafat verdilər. Amma indi heç-heçəyə on minlər verilir. Söhbət pulda deyil, heç olmasa göstərilən oyun camaatın ürəyincə olsun. Biz o vaxt Qazaxıstanla Türkiyədə hansısa turnirdə qarşılaşmışdıq. Onları meydanda "sürüyürdük". Qırğızıstanı heç rəqib saymırdıq. İndi Qırğızıstanla da oynaya bilmərik.

"Millidə belə futbolçulara təpik vurub, birdəfəlik qovmaq lazımdır"
- Yığmada kifayət qədər milliləşdirilən futbolçu var. Bəlkə elə bunun da təsiri olur? Axı kənardan gələn can yandırmayacaq...
- Lider futbolçular olmalıdır, həmin milliləşənlərə sözlərini deməlidirlər ki, meydana çıxıb vuruşmalısan. Qarşılarına qoyub danışmalıdırlar. Orada vəziyyətin necə olduğunu bilmirik axı. Biz o vaxt normal qaydada danışırdıq, lazım gələndə hətta söyürdük. Biz pulu düşünmürdük. Bilmirəm, bəlkə də indikilər pulu və ya zədələnməməyi fikirləşirlər.

- Zədə demişkən, Slovakiya ilə son matçdan əvvəl futbolçular arasında mübahisə düşüb, Dmitri Nazarov klubunun vacib oyunu olduğu üçün meydana çıxmaqdan imtina edib. Milli üzvünün belə davranışına münasibətiniz necədir?
- Belə futbolçulara birdəfəlik təpik vurmaq lazımdır. Millidən qovub, deyirsən ki, get, klubundan kənara çıxma. Millidə oynamaq istəmirsə, kimə lazımdır? Almaniya klubuna lazımdırsa, birdəfəlik getsin ora. Eşitdiyimə görə, başqa mübahisə edənlər də olub. Ramil Şeydayevin bəzi oyunçulardan mübarizə aparmağı tələb etdiyi yazılmışdı. Meydanda can yandırır, digərlərindən də bunu tələb edir. Yazıq irəlidə tək başına özünü ora-bura vurur. Əziyyət çəkdiyi, döyüşdüyü görünür, amma onu topla təmin etmirlər. Yalandan arxada paslaşmaqla heç nə olmur. O topu itirəcəksənsə, heç olmasa hücumçuya ötürmə edin, bari rəqib qapısı yaxınlığında itirin.

"O səviyyədə deyilik ki, yığmaya pulla oyunçu gətirək"
- Eddi İsrafilov, Renat Dadaşov kimi futbolçuların pul qarşılığında Azərbaycan yığmasında oynamağa razılıq verdikləri deyilir. Sizcə, milliyə pul üçün gələn adamdan nə gözləmək olar?

- Ondansa bir gənci oynat, can yandırsın. Bunlar bir dəfə top itirəndə həmin gənc üç dəfə itirər. Amma özümüzünkü üç dəfə də topu geri alar. Özünü zədələmə bahasına da olsa, zərbənin, təpiyin önünə atar. Biz o səviyyədə deyilik ki, yığmaya pulla oyunçu gətirək.

- Özünüz də uşaq futbolunda çalışırsınız. İldən-ilə daha zəif futbolçu nəslinin yetişməsinin səbəbləri nələrdir?
- Belə də olmalıdır. Biz o vaxt məhəllədə axşama qədər futbol oynamaqdan evə girməzdik. İndi uşaq məhlə üzü görür? Dərs, telefon, kompyuter... İndikilər küçəyə çıxmırlar. Buzovnada bəzi uşaqlar yanımıza gəlib futbol oynayırlar. Onları görəndə sevinirəm. Elə buna görə də, indi rayonlarda daha çox futbolçu yetişdirmək olar. Bakıda hara baxırsan, pullu qrupdur. Bəlkə valideynin imkanı çatmır. Rayonda isə klub yoxdur, məşqçilər azdır. Kimdir gedib rayonda havayı işləyən? O qədər istedad da itir.

- Azərbaycan futbolunu uçurumdan qurtarmaq üçün hansı addımlar atılmalıdır?
- AFFA-dakılar da, klubdakılar da bunun yolunu çox yaxşı bilirlər. Elit-proqram var idi. Düzdür, bunun üçün bir az maliyyə ayırmaq lazımdır. Rayonlarda nə qədər məşqçilər işləyirdi, çoxlu layihələr hazırlanırdı. Rayon-rayon gəzib futbolçu tapırdılar, aşağı yaş qrupundan ibarət millilərə çağırırdılar. İndi heç biri yoxdur. Bunu da AFFA bilir. Macarıstana getmişdik, orada nə qədər uşaq futbol məktəbi var idi, hamısına da nəzarət edilirdi. Bizdə isə vəziyyət tam fərqlidir. 

0
DİGƏR XƏBƏRLƏR
Loading...