Könülləri fəth etdi, qəribə qrafik cızdı, prezidentliyi bacarmadı - ULDUZLAR
19.06.2022 - 10:41
Könülləri fəth etdi, qəribə qrafik cızdı, prezidentliyi bacarmadı - ULDUZLAR

Əvvəli bu linkdə: apasport.az/ulduzlar/10-yasinda-disleri-tokulen-kasibliq-icinde-qivranan-ve-mocuze-ile-baslayan-karyera-ulduzlar-176979

“Qızıl top” gətirən qızıl il
1998/99 mövsümündə “Barselona” ardıcıl ikinci çempionluğunu qazandı, Rivaldo isə 24 qolla komandasının bombardiri oldu. La Liqanın bombardirliyinə isə braziliyalıdan cəmi 1 top çox vuran Raul Qonzales layiq görüldü. Ancaq “Barsa” üçün Çempionlar Liqası (ÇL) macərası yenə uğursuz alındı. “Mançester Yunayted” və “Bavariya” ilə eyni qrupa düşən kataloniyalılar növbəti mərhələyə yüksələ bilmədi. 1999-cu ildə Rivaldolu Braziliya yığması Amerika Kubokunun qalibi oldu. Əzəli rəqib Argentina ilə 1/4 final duelində rəqib erkən qolla önə keçsə də, 32-ci dəqiqədə məhz Rivaldo cərimə zərbəsi ilə möhtəşəm qola imza atdı. Fasilədən dərhal sonra isə Ronaldo qələbə topuna imza atdı. Yarımfinalda Meksika üzərində 2:0 hesablı qələbəyə də 1 qolla töhfə verən qəhrəmanımız həmçinin Uruqvayla final görüşündə də adını tabloya yazdırdı. Bu dəfə o, başla toru silkələdi. Finalın qəhrəmanı olan Rivaldo ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirdi, bir qədər sonra isə Ronaldoya məhsuldar ötürmə verdi. 3:0 hesablı qələbə ilə Braziliya tarixində 6-cı dəfə Amerika Kubokunu qazandı. Rivaldo ilə Ronaldo isə hərəyə 5 qolla bombardir adına layiq görüldü.

“Barselona” və Braziliya yığmasının uğurlarının memarı olan Rivaldo ilin sonunda “France Football” nəşri tərəfindən Avropada ilin oyunçusu seçildi, “Qızıl top”la mükafatlandırıldı. Bu azmış kimi, FIFA da onu dünyanın ən yaxşısı seçdi. Bu mənada 1999-cu il Rivaldonun şəxsi karyera baxımından qızıl ili idi.

Tarixin ən gözəl het-triki
1999/2000 mövsümündə bu uğurların davamı gəlmədi. Düzdür, “Barselona” bu dəfə Çempionlar Liqasında yarımfinala qədər irəlilədi. Rivaldo, xüsusən də, 1/4 finalda “Çelsi” üzərində möhtəşəm geridönüşə (1:3, 5:1) cavab qarşılaşmasındakı dublla töhfə verdi. Komanda yarımfinalda “Valensiya” səddinə ilişdi. Həmin mövsüm Mario Jardel və Raulla birlikdə 10 qola imza ataraq, bu turnirin bombardiri olmaq “sambaçı” üçün təsəlli idi.

Növbəti mövsüm isə “Barselona” üçün daha uğursuz alındı. Çempionlar Liqasında “Milan” və “Lids”dən geri qalaraq UEFA Kubokuna düşən kataloniyalılar orada da yarımfinalda “Liverpul”a uduzdu. La Liqada da azarkeşləri üzən komanda son tura 4-cü sıradakı “Valensiya”dan 3 xal geridə, 5-ci pillədə girdi. “Barsa” ÇL-dən kənarda qalmaq təhlükəsi ilə üzləşmişdi. Son turda “Valensiya”nı “Nou Kamp”da qəbul edən komandanı yenə Rivaldo xilas etdi. Özü də möhtəşəm tamaşa ilə. 3-cü dəqiqədə cərimə zərbəsindən fərqlənən “10 nömrə” 45-ci dəqiqədə yenə uzaq məsafədən dəqiq zərbə ilə komandasını yenidən önə keçirdi. “Valensiya” fasilədən dərhal sonra hesabı 2:2 etdi. Sona 2 dəqiqə qalmış Frank de Burun ötürməsi zamanı cərimə meydanı xətti üzərindən topu sinəsi ilə havaya qaldıran Rivaldo fantastik aktobatik tullanışla üçüncü qolu vurdu. Bu, qol həm də “Barselona”nı Çempionlar Liqasına daşıdı. Rivaldonun hər üç qolu əla alındığından, əksər futbol mütəxəssisləri bunu futbol tarixinin ən gözəl het-triki adlandırdılar. “Sambaçı” mövsümü bütün turnirlərdə 36 qol vurmaqla tamamladı ki, bu da karyerasının rekordu idi. Rivaldo karyerasının son mövsümü olan 2001/02-də də arzulanan uğurdan uzaq qaldı. Kataloniyalılar yenə La Liqada 4-cü yeri tutdu, Çempionlar Liqasının isə yarımfinalında əzəli rəqib “Real”a uduzdu. Ancaq iyunda Yaponiya və Cənubi Koreyada təşkil edilən dünya çempionatı onun üçün yeni hekayənin başlanğıcı olacaqdı.

Qəhrəman - antiqəhrəman
Braziliya DÇ-2002-də Türkiyə, Kosta Rika və Çinlə eyni qrupa düşmüşdü. Hər kəs cənubi amerikalıların asanlıqla qrupdan çıxacağını proqnozlaşdırırdı. Ancaq komanda ilk turda Türkiyənin müqaviməti ilə üzləşdi. “Ay-ulduzlular” Hasan Şaşın erkən qolu ilə önə keçsə də, Rivaldo qarşısında aciz qaldılar. Pleymeyker əvvəlcə Ronaldonun bərabərlik qolunun assistini etdi. İkinci hissədə isə penaltini dəqiq yerinə yetirərək, komandasına 2:1 hesablı qələbə qazandırdı. Həmin matç Rivaldonun illərlə unudulmayan xoşagəlməz hərəkəti ilə də yadda qaldı. Son saniyələrdə Hakan Ünsalın əsəbiləşərək vurduğu top Rivaldonun ayağına dəysə də, o, sifətini tutaraq yerə yıxıldı və rəqibin meydandan qovulmasına səbəb oldu. FIFA hakimi aldatdığı üçün qarşılaşmadan sonra ona simvolik pul cəriməsi verdi. Bu hərəkət bir anda onu antiqəhrəmana çevirdi.

Buna baxmayaraq, Rivaldo qrupun digər iki görüşündə də, növbəti mərhələdə Belçika ilə matçda da qol vurmağı bacardı. Braziliya 1/4 finalda İngiltərə ilə görüşdə də hesabda geri düşmüşdü. Ancaq bu dəfə də komandanın xilaskarı Rivaldo oldu. Onunla status-kvonu bərpa edən “sambaçılar” Ronaldinyonun məşhur cərimə zərbəsi ilə Devid Simenin qapısından keçirdiyi top sayəsində yarımfinala yüksəldi. Yarımfinalda yenə Türkiyə ilə qarşılaşan Braziliya bu dəfə də çətinliklə qələbə qazandı. Ronaldonun yeganə qolu türkiyəlilərin final arzusunun üstündən xətt çəkdi. Bununla ardıcıl 3-cü dəfə dünya çempionatının finalına yüksələn Braziliya 1982-1990-cı illərdə bunu bacaran Almaniyanın rekordunu təkrarladı. 

5-ci çempionluğun memarları
Braziliya iyunun 30-da Yokohomadakı finalda Almaniya ilə üz-üzə gəldi. Əslində həmin vaxt almanlar o qədər də gözoxşayan komanda deyildi və finala qədər də qarşısına düz-əməlli rəqib çıxmamışdı. Ancaq turnir təcrübəsi və düşüncə tərzini göz önünə gətirsək, Almaniya, bəlkə də, ən son qiymətləndirilməyəcək komandadır. Oyunun əvvəllərində də Braziliya pressinq etməsinə baxmayaraq, rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdi. Hesabın açılmaması dəqiqələr keçdikcə fiziki cəhətdən daha yaxşı olan avropalıların işinə yarayırdı. Braziliya yalnız 67-ci dəqiqədə istəyinə çatdı. Rivaldonun uzaq məsafədən qüvvətli zərbəsindən sonra həmin vaxta qədər turnirin ən yaxşı qapıçısı olan Oliver Kan topu əlindən buraxdı və Ronaldo bu şansı qaçırmazdı. 79-cu dəqiqədə isə Klebersonun sağ cinahdan yerlə ötürməsi zamanı Ronaldonun daha əlverişli mövqedə olduğunu görən Rivaldo topu ayaqları arasından buraxaraq, bir növ toxunmadan ona assist etdi. 2:0 hesablı qələbə 5-ci dəfə Braziliyanı dünyanın ən güclüsü etdi. Rivaldo isə aktivindəki 5 qolla yalnız komanda yoldaşı Ronaldodan (8 qol) geri qaldı.

Ona görə gəldi, ona görə də getdi
Dünya çempionluğundan sonra Rivaldonun karyerasında çatışmayan yeganə titul qalmışdı – Çempionlar Liqası. Artıq “Barselona”dan getməyin vaxtı çatdığını düşünürdü. Çünki həm son illər komanda titula həsrət idi, həm də baş məşqçi postuna Rivaldonun bəyənmədiyi Lui van Qal gətirilmişdi. “Barsa” ilə müqaviləsini ləğv edən “sambaçı” ÇL-i qazanmaq arzusuyla “Milan”a keçdi. Bu mənada seçimi uğurlu da oldu. Çünki komanda 2002/03 mövsümündə qitənin ən nüfuzlu klub turnirini qazandı. Ancaq uğura gedən yol Rivaldonun ürəyincə olmamışdı. Çünki baş məşqçi Karlo Ançelotti ilə ulduzu heç cür barışmırdı. Bəzən ehtiyatda qalır, bəzən də meydanda istədiyi mövqedə oynadılmırdı. “Yuventus”u penaltilər seriyası ilə məğlub etdikləri ÇL-in final görüşünü də ehtiyatdan izləməklə kifayətlənmişdi. Mövsümün sonunda “Milan”dan ayrılması sürpriz olmayan Rivaldo ölkəsində “Kruzeyro” ilə anlaşdı. O, sevimli məşqçisi Vanderley Luşemburqu ilə birlikdə çalışmaq üçün bu seçimi etdi. Ancaq orada da çox az qaldı. Çünki cəmi iki ay sonra Luşemburqu qovulur və Rivaldo da ayrılmaq istədiyini rəhbərliyə bildirir.

Qəribə macəralar, tarixi yekun
Qısamüddətli “Kruzeyro” macərasından sonra yenidən Avropaya qayıdan Rivaldonun budəfəki limanı gözlənilmədən Yunanıstan oldu. “Olimpiakos”da keçirdiyi 3 mövsümdə 3 dəfə ölkə çempionu, 2 dəfə də kubokunun qalibi oldu. “Olimpiakos” qocaldığını əsas gətirərək onunla yeni sözləşmə imzalamadı və futbolçu əzəli rəqib AEK-in formasını geyindi. Orada da bir mövsüm keçirdikdən sonra qəribə qrafik cızdı. Əvvəlcə Özbəkistana getdi, iki il “Bunyodkor”da oynadı. Ardından bir il “San Paulo” formasını geyindi və Anqolanın “Kabuşkorp” klubuna keçməklə bütün dünyanı yenidən təəccübləndirdi. Növbəti mövsüm “San Kaetano” ilə anlaşaraq yenə vətənə qayıtdı. 2013-cü ilin sonunda isə keçmiş klubu “Mogi Mirim”ə döndü.

Bir neçə ay sonra klub prezidenti seçilən Rivaldo karyerasını bitirdiyini açıqladı. Ancaq 2015-ci ildə 3 yaşında qısa müddətə də olsa yaşıl meydanlara ayaq basdı. Hətta həmin vaxt əsas komandaya yüksələn oğlu Rivaldinyo ilə çiyin-çiyinə oynamaq şansı qazandı. 2015-ci il iyulun 14-də Braziliya B seriyasında “Makae” üzərində 3:1 hesabı ilə qalib gəldikləri matçda ata-oğul birlikdə qol vuraraq, futbol tarixində yaşanmamış işi bacardı. Həmin qarşılaşmadan qısa müddət sonra isə Rivaldo həm “Mogi Mirim”in prezidentliyindən getdi, həm də futbolla birdəfəlik vidalaşdı.

Hazırladı: Ruslan Sadıqov


 

0