Nənəsinin ona görə narahat olduğu ULDUZ
26.05.2022 - 11:23
Nənəsinin ona görə narahat olduğu ULDUZ

“Mançester Siti”nin ulduzu Kevin de Bruyne körpə vaxtlarından köçəri həyat tərzi sürüb. Onun atası Herviq neft sənayesində çalışdığı üçün ailə tez-tez bir şəhərdən digərinə köçməli olub. Çoxsaylı səfərlərə kiçik yaşlarında vərdiş etməli olan balaca Kevin tez-tez anası Annanın İngiltərədəki ailəsinin yanına da yollanıb.

De Bruyne artıq 4 yaşından öz doğma şəhərində futbol oynamağa başlayıb. Balaca uşaqda olan istedad onu tezliklə “KVV Drongen”un heyətinə daşıyıb. Onun bu yaşdakı bacarıqları da ətrafdakıların diqqətini özünə çəkib. Cəmi iki il bu klubda qaldıqdan sonra “Gent”in akademiyasına cəlb olunub. Bu dövrdə balaca Kevin yalnız istirahət günlərində ailəsini görmək imkanı qazanıb. Bu üzdən də kiçik futbolçu öz qayğısına qalmağın yollarını tapmağı öyrənib.

Onu “Gent”də yeni istedadlardan hesab edirdilər. Belə oyunçular gələcəkdə Belçikanın dünya futbolundakı hörmətini bərpa etməli idi. Akademiyada olduğu dövrdə onun tək qalmasından narahat olan nənəsi də futbolçunu tez-tez ziyarət edirdi.

Hələ Gentdə olduğu vaxt De Bruyne sevimli klubunun adını açıqlayıb. O, hazırda formasını geyindiyi “Mançester Siti”nin əsas rəqibi “Liverpul”un adını çəkərək mersisaydlılar sevimli klubu adlandırıb.

14 yaşında “Gent”i “Genk”ə dəyişən yarımmüdafiəçi cəmi üç il sonra əsas komandaya keçirilib. Buradakı debütünü iki il gözləyən futbolçu 2009-cu ilin mayında ilk matçına çıxıb.

Artıq 2009/10 mövsümündə komandanın aparıcı üzvünə çevrilən 18 yaşlı gənc ilk qolunu da vurmağa macal tapıb. Növbəti mövsümdə 5 qol və 16 assistlə çempionluqda pay sahibi olaraq qızıl medalı boynundan asıb. Növbəti 1,5 mövsümü də “Genk”in uğurları üçün çalışan Kevin İngiltərə Premyer Liqasında oynamağa qərar verib.

2012-ci ilin yanvarında “Çelsi” onunla 5,5 illik anlaşmaya imza atıb. Müqavilənin dəyəri 7 milyon funt sterlinq olub. London klubunda yalnız yarım ildən sonra debüt edən yarımmüdafiəçi Almaniya “Verder”inə icarəyə göndərilib.

Bremen klubundakı 2012/13 mövsümünü yaxşı keçirən De Bruynenin yenidən icarəyə veriləcəyi gözlənilsə də, “Çelsi”nin o vaxtkı baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçini əsas heyət üzvü olacağına inandırıb. Mövsümöncəsi yoxlama görüşlərinin birində qol da vuran zədələnib. Yarım mövsüm London klubunda qaldıqdan sonra 18 milyon funt sterlinqə “Volfsburq”a satılıb.

Bundesliqa klubundakı ilyarım uğurlu alınıb. Avropa Liqasında ilk qoluna imza atan futbolçu 2014/15 mövsümündə çempionatın gümüş medalını, ölkə kubokunu, sonda Almaniyada ilin futbolçusu adını qazanıb. 2015/16 mövsümü “Bavariya” üzərində Superkubok qələbəsi ilə başlayıb. Kevinin parlaq oyunu bütün Avropa klublarının diqqətini cəlb edib.

2015-ci ilin avqustunda “Mançester Siti” belçikalını heyətinə qatıb. Onun transferi 55 milyon avroya reallaşıb. Bu da həmin vaxt üçün klubun rekord transferi olub. Artıq ilk oyunlardan parlaq istedadını nümayiş etdirən Kevin “Qızıl top” üçün namizədlər siyahısına düşüb. Mançester təmsilçisində üç çempionluq, bir kubok, beş Liqa kuboku, bir Superkubok qazanan Kevin Çempionlar Liqasının finalçısı olub. Yeddi ildə saysız-hesabsız fərdi mükafatlar da qazanan yarımmüdafiəçi müxtəlif rəmzi komandalara da seçilib. Vaxtilə nənəsinin onun üçün narahat olduğu balaca indi dünyanın ən yaxşı oyun qurucusu və qol assistenti adlandıranlar çoxluq təşkil edir.

Varidatı 30 milyon dollarla dəyərləndirilən belçikalının illik maaşı 19 milyon təşkil edir. O, “Nike”, “EA Sports” və “Orange” kimi idman brendləri ilə sponsorluq müqavilələrinə malikdir.
 

0