Ölənə qədər hakimin rüşvət aldığını dedi - ULDUZLAR
26.07.2022 - 11:16
Ölənə qədər hakimin rüşvət aldığını dedi - ULDUZLAR

Əvvəli https://apasport.az/ulduzlar/atasini-futbola-gore-itiren-debutunde-poker-eden-qolcu-ulduzlar-177366

Milliyə açılan qapı
Jozef Biscan yalnız 1933/34 mövsümündən “Rapid”də müntəzəm oynamağa başlayıb. Onsuz da, uşaqlıqdan sürətli olan ulduz futbolçu artıq fiziki cəhətdən də tam hazır olduğundan, qarşısıalınmaz forvarda çevrilmişdi. 100 metrlik məsafəni 10,8 saniyəyə qaça bilirdi. Hansı ki, Los Anceles-1932 Olimpiadasında qızıl medal qazanan atlet Eddi Tolan 10,38 saniyəlik göstərici ilə dünya və olimpiya rekordu qırmışdı. Biscanın əsas özəlliklərindən biri də topla olarkən sürətinin azalmaması və cərimə meydanına daxil olduqdan sonra bir yol tapıb onu qapıdan keçirməyi bacarması idi. “Rapid”in aparıcı futbolçusu kimi iştirak etdiyi ilk mövsümündə 22 oyunda 29 qolla bombardir adına layiq görülüb. Ölkə kubokunda isə meydana çıxdığı 5 matçda 5 dəfə fərqlənib.

O, həmin mövsüm Avstriya millisinə də dəvət alıb. Bir il əvvəl İtaliya, Macarıstan, Çexoslovakiya, İsveçrə kimi komandaların qatıldığı Orta Avropa kubokunu qazanan Avstriya yığması həmin vaxt əla formada idi. 20 yaşlı Biscanın belə bir komandada özünə yer edə bilməsi də uğur sayılırdı. Gənc forvard millidəki debütünü 1933-cü il noyabrın 29-da Şotlandiya ilə matçda etdi. 2:2 hesabı ilə başa çatan görüşdə fərqlənməsə də, komandasının hər iki qolunun yaradıcısı oldu. Yığmada ilk qolunu vurmaq üçün cəmi 11 gün gözləyən Biscan dekabrın 10-da Niderland üzərində qazanılan 1:0 hesablı qələbənin memarı idi. O, 1934-cü ilin əvvəllərində İsveçrə (3:2) və Macarıstanla (5:2) görüşlərdə isə dubla imza atdı. Bunun sayəsində DÇ-1934-ə yollanan Avstriya yığmasının heyətində yer aldı.

Dünya çempionluğuna mane olan hakim
Avstriya həmin mundialın bir nömrəli favoriti sayılırdı. Qısa və sürətli ötürmələrlə rəqiblərini çıxılmaz vəziyyətə salırdılar. Üstəlik, Mattias Sindelar kimi dövrün ən texnar və zəkalı oyunçularından birinə sahib idilər. Onun yanına da Biscan kimi qarşısıalınmaz hücumçu qoşmuşdular. Avstriyaya əsas rəqib qismində ev sahibi İtaliya və Çexoslovakiya görülürdü. 16 komandanın qatıldığı və bir oyundan ibarət mərhələlərdən ibarət mundialda Avstriyanın ilk rəqibi Fransa idi. Həmin Fransa indiki ilə müqayisədə dünyanın nəhəngləri sırasında deyildi. Buna baxmayaraq, avstriyalılar ortabab rəqibin müqaviməti ilə üzləşdi. Fransanın hesabı açdığı görüşün 90 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşıb. Ancaq əlavə olunmuş dəqiqələrdə Avstriyanın təzyiqinə dözmək mümkün olmur. 3:2 hesablı qələbəyə Biscan 1 qolla töhfə verir. 1/4 finalda əzəli rəqib Macarıstanla üz-üzə gələn Avstriya erkən qolla hesabı açdı. Yekunda isə 2:1 hesablı qələbə onları yarımfinala daşıdı.

Qarşıda azarkeşləri erkən final gözləyirdi. Çünki bu dəfə rəqib meydan sahibi İtaliya idi. İtaliya son üç gündə iki matça çıxmağın yorğunluğu içində idisə, avstriyalılar maddi sıxıntılar səbəbindən yorucu yolçuq etmişdilər. Komandanın nə həkimi var idi, nə də masajçısı. Üstəlik, aparıcı hücumçu Yohann Horvat da zədə səbəbindən görüşü buraxırdı. Aşağı tempdə keçən matçın 19-cu dəqiqəsində italyanlar hesabı açdı. Qol epizodunda qapıçıya qarşı kobudluq olsa da, baş hakim etirazlara məhəl qoymayaraq qolu qeydə alır. Qalan dəqiqələrdə italyanların hədsiz sərt oyunu Avstriyanın oyun qurmasına mane olurdu. Nəticədə İtaliya 1:0 hesablı qələbə ilə adını finala yazdırdı. Avstriyalılar isə baş hakim İvan Eklindin idarəçiliyindən uzun müddət narazılıq bildirdi. Hətta Biscan ölənə qədər referinin rüşvət aldığını az qala hər açıqlamasında bildirirdi. Hər halda diktator Mussolininin kölgəsi altında keçən dünya çempionatı ilə bağlı belə söz-söhbətlərin olması normal idi. Maraqlıdır ki, həmin isveçrəli referi FIFA tərəfindən final matçına da təyinat aldı. Artıq heç bir həvəsi qalmayan Avstriya üçüncü yer uğrunda oyunda da Almaniyaya 2:3 hesabı ilə uduzdu.

“Rapid”dən ayrılıq, mundial üçün çatmayan günlər
Dünya çempionatının ardından Biscanı Avstriyada problemlə günlər gözləyirdi. “Rapid”in heyətində mövsümün ilk üç görüşündə 4 qol vursa da, prezident Dionis Şönekerin nizam-intizam sevdasının qurbanı oldu. Maraqlıdır ki, heyətdən uzaqlaşdırılsa da, Praqa “Slaviya”sının transfer təklifinin ardından “Rapid” Biscana daha yüksək məvacibli yeni müqavilə təklif etdi. Ancaq bu dəfə də Biscan ayrılmaq istədiyindən, təklifi rədd etdi. Avstriyalılar onu bir müddət komandada saxlasa da, çox qalmayacağını başa düşürdülər. Həmin ərəfədə cəld tərpənən “Admira” hücumçunu heyətinə qatdı.

Biscan “Admira”da keçirdiyi iki mövsümdə də Vyana klubu ilə çempionluq qazandı. Ancaq hələ də fikri “Slaviya”nın təklifində qalmışdı. Nəhayət, 1936-cı ilin sonlarında bir neçə aylıq cəzanı göz önünə alaraq “Admira” ilə müqaviləsini tək tərəfli ləğv etdi və Praqaya yollandı. “Slaviya”ya keçərkən əsas tələbi vətəni Çexoslovakiyanın vətəndaşlığını almaq və milli komandasında oynamaq idi. Onun “Slaviya”da debütü 1937-ci ilin avqustuna qədər yubandı. İlk iki mövsümündə müvafiq olaraq 22 və 29 qolla bombardir olsa, heç cür çempionluq sevinci yaşaya bilmirdi. Əvəzində həmin vaxt klublar arasında təşkil edilən ən mötəbər beynəlxalq turnir sayılan Mitropa kubokunu qazandılar. 8 oyunda 10 qol vuran Biscan uğurun memarı idi. Xüsusən də, 1/4 finalda “İnter” üzərində 9:0 hesablı tarixi qələbə zamanı poker edən hücumçu azarkeşlərin gözündə qəhrəmana çevrildi.

Biscanın DÇ-1938-də Çexoslovakiya yığmasında oynaması ilə bağlı prosedur istədiyi kimi olmadı. Dörd il əvvəl finalda iştirak edən Çexoslovakiya Biscanı da heyətinə qatmaqla bu dəfə dünya çempionluğunu hədəfləyirdi. Lakin qaydalara əsasən, vətəndaşlıq almaq üçün Çexoslovakiyada ən azı iki il yaşamalı idin. Biscanın isə bir neçə həftəsi çatmadı. Yekunda Biscansız Çexoslovakiya turnirin 1/4 finalında Braziliyaya uduzaraq turnirlə vidalaşdı. O, millidə debütünü mundialdan bir həftə sonra İsveçlə qarşılaşmada etdi. Komandasının 6:2 hesabı ilə qalib gəldiyi görüşdə hücumçu het-trik müəllifi oldu.

Müharibənin məhv etdiyi karyera
1939-cu ildə dünyanın üzərində yenidən böyük savaş kölgəsi düşdü. Çexoslovakiya isə hələ II Dünya Müharibəsi başlamazdan altı ay əvvəl nasist Almaniyası tərəfindən işğal olunmuşdu. Hazırkı Çexiyanın tərkibindəki Bohemiya və Moravya da Almaniya himayəsində muxtar rayona çevrilmişdi. Müharibə dövründə Biscanlı “Slaviya” da həmin bölgənin çempionatında iştirak etdi. Nasistlər peşəkar futbolu qadağan etdiyindən, Biscan bir tərəfdən polad zavodunda işçi kimi çalışır, qalan vaxtını da futbola həsr edirdi. Buna rəğmən müharibə zamanı çempionatda keçirdiyi 121 oyunda 245 qol vuraraq inanılmaz göstəriciyə imza atdı. 1943/44 mövsümündə keçirdiyi 26 oyunda 57 qol vurması karyerasının pik həddinə çatdığından xəbər verirdi. O, yalnız 1944/45 mövsümündə yarımçıq çıxış etdi. Qalan mövsümlərdə adətən bombardirliyi heç kimə uduzmurdu. “Slaviya” da 1940-1943-cü illərdə ardıcıl 4 dəfə ölkə çempionu tituluna yiyələndi.

Həmin dönəmin ən qəribə hadisələrindən biri Jozefin karyerasında üçüncü fərqli millidə çıxış etməsi oldu. O, 1939-cu il noyabrın 12-də Bohemiya və Moravya yığmasının heyətində Almaniya ilə yoxlama görüşündə meydana çıxdı, 4:4 hesabı ilə bitən görüşdə het-trik müəllifi oldu. Müharibənin Biscana vurduğu ən böyük zərbə 1942-ci və 1946-cı illərdəki dünya çempionatlarının ləğvi oldu. Bu problemlər üzündən karyerası ərzində cəmi bir dünya çempionatı ilə kifayətləndi ki, bu da layiq olduğu şöhrətdən uzaq düşməsinə səbəb oldu.

Ulduz futbolçunun uğursuz məşqçilik karyerası
Müharibədən sonrakı ilk üç mövsüm də qəhrəmanımız üçün möhtəşəm alındı. Təsadüfi deyil ki, orta hesabla hər oyunda 2 qol vururdu. Ancaq 1948-ci ildə Çexoslovakiyada idarəetmənin kommunistlərin əlinə keçməsi ilə işlər dəyişdi. Jozef partiya üzvü olmağı qəbul etmədiyindən, sahib olduğu bütün sərvət hökumət tərəfindən müsadirə olundu. Maddi cəhətdən ciddi sıxıntılar yaşamağa başlayan futbolçu bu səbəbdən gözlərdən uzaq həyat sürməyi üstün tutdu və Praqanı tərk edərək, ikinci liqada çıxış edən Viktovitse “Sokol”una keçdi. Buradakı 3 illik macəranın ardından bir il də “Qradets-Kralove”nin formasını geyindi.

Biscan yalnız 40 yaşında Praqaya qayıda bildi. Ancaq hökumət çoxdan “Slaviya”nın adını dəyişərək “Dinamo” qoymuşdu. “Dinamo”da düz üç il oynayan baş məşqçi kimi fəaliyyət göstərdi. 1957-ci ildə futbolçu karyerasını başa vursa da, qısa müddət Liberets “Slovan”ında və Brno “Spartak”ında da oynayan baş məşqçi kimi çalışdı. Ardından təxminən 20 il baş məşqçiliklə məşğul olmasına baxmayaraq, futbolçu dönəmindəki qədər parlaq karyera qura bilmədi.

Jozef Biscan 2001-ci il dekabrın 12-də - 88 yaşında Praqada həyata gözlərini yumdu.

Hazırladı: Ruslan Sadıqov
 

0