“Bakı”dan sürpriz gözləməyə dəyər
11.03.2011 - 00:00
“Bakı”dan sürpriz gözləməyə dəyər
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında pley-off mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, II dövrədən sonra turnir cədvəlində 3-6-cı yerləri tutan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.

Günün ilk matçında “Lokomotiv” – “Bakı” qarşılaşması keçiriləcək. Oyunun aşkar favoriti “dəmiryolçular” hesab edilsələr də, “Bakı”dan sürpriz gözləməyə dəyər. Düzdür, təcrübəli rusiyalı mütəxəssis Mixail Omelçenkonun yetirmələri bu mövsüm rəqibinə hər 2 qarşılaşmada uduzub. Lakin heyəti əsasən əcnəbilərdən qurulan “Bakı” məhz bu matçlarda rəhbərliyin ümidlərini doğrultmağı planlaşdırır. Onlar son mövsümdə Super Liqanı 2-ci yerdə bitirən “Lokomotiv”in “Çelenc Cup” turnirinin yarımfinal görüşü ərəfəsində bütün gücünü ortaya qoymayacaqlarını yaxşı başa düşürlər və ilk matça ciddi yanaşırlar.

Pley-off mərhələsinin digər görüşündə “Azərreyl”in “Şirvan”ı asan məğlub edəcəyi heç kimdə şübhə doğurmur. Çünki Adnan Kistak sabiq komandasına qarşı heç bir legionerin köməyindən istifadə edə bilməyəcək. Bu azmış kimi, heyətini Azərbaycanın gənclər yığmasının üzvləri təşkil edən “Şirvan” meydana yalnız təcrübə toplamaq üçün çıxacaq. Çünki debütantın final mərhələsinə yüksəlmək istəyi belə yoxdur.

Qeyd edək ki, final mərhələsində “Rabitə” və “İqtisadçı” rəqiblərini gözləyir. Bu isə pley-offda 2 qələbə qazanacaq 2 klub olacaq.

16:00. “Lokomotiv” – “Bakı”

İlk 2 dövrədə aralarındakı oyunlar
“Lokomotiv” – “Bakı” - 3:1 (25:20, 20:25, 25:18, 31:29)
“Bakı” - “Lokomotiv” - 1:3 (13:25, 25:22, 24:26, 24:26)

18:00. “Azərreyl” – “Şirvan”

İlk 2 dövrədə aralarındakı oyunlar
“Şirvan” - “Azərreyl” - 0:3 (21:25, 11:25, 12:25)
“Azərreyl” – “Şirvan” - 3:0 (25:20, 25:12, 25:16)
0