4 qat Polşa çempionu Azərbaycanda oynayacaq!
02.07.2012 - 15:51
4 qat Polşa çempionu Azərbaycanda oynayacaq!
Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən belaruslu Pyotr Xilkonun çalışdıracağı “dəmiryolçular” bu dəfə Polşa millisinin liberosu Maqdalena Saadın keçidini həll ediblər.

“Azərreyl”in də transfer siyahısında olan 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son mövsüm Alessandro Çiappininin rəhbərliyi altında Sopot “Atom”unda keçirən 168 sm boya malik voleybolçu 4 dəfə Polşa çempionu adını qazanıb. Belə ki, 3 dəfə “AZS Bialistok”la ölkə çempionatının qızıl medallarına yiyələnən Saad son mövsümdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Maqdelina “Atom” (2011-2012) və “AZS Bialistok”dan (2006-2011) əlavə, “Lodz” (1998-2004) və “Dalin Mislenice” (2004-2006) klublarının şərəfini qoruyub.

Karyerası ərzində yalnız vətənində oynayan libero çimərlik voleybolunda da mükafatsız qalmayıb. 2004-cü ildə Polşa çempionu olan Saad 2010-cu ildə tələbələrin Avropa çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, “Lokomotiv” Maqdelinadan öncə yeni mövsüm üçün Ju Kosta (Braziliya), Lesia Braunun (Yamayka) və Mixaela Monzoninin (Çexiya) transferini həll edib. Onlar ötən ilki heyətdən Vera Klimoviçlə Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya) və Mariya Filipova (Bolqarıstan) ilə isə müqaviləni yeniləyiblər.
0