Yığmamızın hücumçusu üçün 5 mükafat qazanmaq şansı
10.07.2012 - 12:34
Yığmamızın hücumçusu üçün 5 mükafat qazanmaq şansı
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın “Omiçka”nın heyətində debüt edəcəyi tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hücumçunun yeni klubunda ilk sınağı “Sibir Kuboku və Uzaq Şərq-2012” turniri olacaq.

Bu yarış sentyabrın 12-16-da Krasnoyarskda keçiriləcək. “Omiçka”nın 6 dəfə (1980, 1983, 1989, 1994, 1998, 2007) qalibi olduğu turnirdə Rusiya Superliqasından “Fakel”, “Tümen-TümQU”, “Yenisey”, yüksək liqasından “Loko-Anqor”la “Xara Morin” qüvvəsini sınayacaq. “Spartak”ın xələfi olan Omsk təmsilçisi indiki adında 1 dəfə “Sibir Kuboku və Uzaq Şərq-2012”nin qalibi olub.

Məmmədovanın yeni komandası bu ilin sentyabrından gələn ilin mayınadək davam edəcək mövsümdə 5 turnirdə qatılacaq. Belə ki, “Omiçka” “Sibir Kuboku və Uzaq Şərq-2012”lə yanaşı, Rusiya çempionatı, ölkə kuboku, CEV kuboku və Omsk vilayəti hökumətinin mükafatları uğrunda yarışda çıxış edəcək.