“Azərbaycan klubları aparıcı oyunçularımızı aparırlar” - MÜSAHİBƏ
12.07.2012 - 13:49
“Azərbaycan klubları aparıcı oyunçularımızı aparırlar” - MÜSAHİBƏ
Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan “Agel” klubunun baş məşqçisi Miroslav Çad Çexiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis ÇL-dəki çıxışlarını şərh edib, komandasının hazırlığına toxunub və müqavilə ilə klublarına məxsus Mixaela Monzoninin “Lokomotiv”ə keçidinə münasibət bildirib.

- Komandanın yenidən formalaşdırılması nə ilə bağlıdır?
- Buna səbəb maliyyə məsələləri idi. Çünki güclü maddi dayaqlar olmadan bir sıra voleybolçuları saxlaya bilmirdik. Türkiyə, Rusiya, İtaliya və Azərbaycandan olan klublar daha yüksək pul təklif etməklə, aparıcı oyunçularımızı heyətinə cəlb edir. Onların büdcəsi bizimlə müqayisədə qat-qat çoxdur.

- Klubda gəncləşmə də nəzərə çarpır...
- Hazırda heyətimizdə yaşı 30-u keçən cəmi 2 voleybolçu qalıb. Orta yaş həddi isə 25,7-yə enib.

- Maliyyə problemi ilə üzləşdiyiniz, məcburi gəncləşmə siyasəti apardığınız vaxtda niyə CEV kubokunda deyil, Çempionlar Liqasında oynamağa qərar verdiniz?
- Bunun 2 səbəbi var. Birincisi Çempionlar Liqası daha səviyyəli turnirdir ki, biz güclü rəqiblərlə ən azı 6 matç keçirəcəyik. İkincisi isə gənc oyunçuların yetişməsində klubun daha nüfuzlu turnirdə oynamasının da rolu olur.

- Burada yer aldığınız qrup da çox güclüdür...
- Bəli, rəqiblərimizin hər 3-ü güclü komandadır. İtaliyanın “Villa Kortese” klubu Çempionlar Liqasının son “Dördlər finalı”nda oynayıb, İtaliya çempionatını mükafatla başa vurub. “Rabitə”də isə dünya voleybolunun ulduzları bir araya toplaşıblar. Onlar da iddialıdırlar və analoji yarışın finalında da oynayıblar. Digər rəqibim Polşa “Atom”u da uğurlu mövsüm keçirib. Düzdür, onlar son mövsümdə maliyyə problemləri ilə üzləşdilər. Lakin buna baxmayaraq, ölkə çempionatının qızıl medallarına sahib oldular.

- Bəs belə güclü rəqiblərlə oynayacağınız halda nəyə görə Mixaela Monzoni komandanı tərk edib Azərbaycana getdi? Onunla müqaviləni uzatmamışdız ki?
- Biz onunla anlaşmışdıq. Amma son anda onun həyat yoldaşı Azərbaycanda çalışmaq təklifi aldı və ailəvi olaraq, oraya getməyə qərar verdilər. Voleybolçunun bizimlə müqaviləsi olsa da, insani hissləri əsas götürərək, onun Azərbaycana getməsinə əngəl olmadıq. Nəticədə müqaviləni də pozduq və o da “Lokomotiv”ə keçdi.

- Artıq heyət tam formalaşıbmı?
- Bəli, biz indi yalnız oyun keyfiyyətləri üzərində çalışacağıq. Çünki qızlarımızı Avropada çox gərgin oyunlar gözləyəcək.

- Çempionlar Liqasına hazırlıq proqramınız necə müəyyənləşibmi?
- Əlbəttə, iyulun 23-də bir araya gələcəyik. Hazırlığımızı Çexiyada keçəcəyik. Sentyabrda isə bir sıra beynəlxalq turnirlər qatılıb, gücümüzü yoxlayacağıq. Çempionlar Liqası isə oktyabrda start götürəcək və həmin yarışa kimi tam hazır olacağıq.