“Bu uğura hələ heç bir komanda imza atmayıb” - MÜSAHİBƏ
23.10.2012 - 15:00
“Bu uğura hələ heç bir komanda imza atmayıb” - MÜSAHİBƏ
“Rabitə”nin voleybolçusu Dobriana Rabadjiyevanın apasport.az saytına müsahibəsi

- Sabah Çempionlar Liqasının yeni mövsümünün qrup mərhələsində ilk oyununuza çıxacaqsız. Bu dəfə çempion olmağı bacaracaqsızmı?
- Əsas hədəfimiz məhz bu yarışdır. İstəyirik ki, Çempionlar Liqasında daha yaxşı oynayaq və çempion olaq. Komanda kimi özümüzü doğruldaq. Düzdür, buradakı klublar kifayət qədər güclüdür. Lakin bu bizi qorxutmur və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, hər şey bizim üçün yaxşı bitəcək.

- Yarışa uğurla start vermək üçün ilk turda qarşılaşacağınız Çexiya “Agel”i ilə oyunda qələbə vacibdir...
- Biz onlarla oyuna yalnız qələbə üçün çıxacağıq. Çünki fanatlarımız da bizdən bunu gözləyirlər. Onların razı qalması üçün səfərdən qalib kimi qayıtmalıyıq.

- Sizi Çempionlar Liqası ilə yanaşı, bu il daha çətin keçəcəyi gözlənilən Super Liqa da gözləyir. Burada necə 5 illik çempionluq seriyanızı qoruya biləcəksizmi?
- Komandaların əksəriyyəti heyətini tam yeniləyib. Bunun üçün hələlik yoxlama matçı keçirdiyimiz “Bakı-Azəryol” və “Azərreyl”i tanıyıram. O birilər barədə ətraflı məlumata malik deyiləm. Onu deyə bilirəm ki, maraqlı və gərgin mövsüm olacaq. “Rabitə” isə həmişəki kimi çempionluğa oynayacaq.

- Bəs Dohada yenicə başa çatmış klublararası dünya çempionatının finalında məğlubiyyətinizə nə səbəb oldu?
- Biz ikinci dəfə finalda oynadığımız üçün xoşbəxtik. Çünki bu uğura hələ heç bir komanda imza atmayıb. “Rabitə” o mərhələyə gəlib çıxıb ki, yenidən həlledici matçda oynadı. Bu, həm də bizim üçün böyük bir təcrübədir. Düzdür, komandamızda yeni voleybolçular çoxdur, əvvəlki səviyyədə deyilik. Bir qədər vaxta ehtiyacımız var. Amma ümumi götürdükdə, bacardığımızı etdik. Hər oyundan-oyuna yüksəliş hiss olunur. Bu da bizim növbəti yarışlarda daha gözəl oyunumuza öz töhfəsini verəcək.

- Ötən il siz “Rabitə” ilə dünya çempionu adını qazanmışdız. Bu dəfə isə gümüş oldu. Buna heç təəssüflənmədiz?
- Mundiala ötən illə müqayisədə bu il daha güclü komandalar qatılmışdılar. Braziliya “Sollis Nestle”si, Türkiyə “Fənərbaxça”sı yaxşı heyətlə Dohaya gəlmişdi. Bunun üçün də turnir fərqlənirdi. Biz də ötən il daha hazırlıqlı gəlmişdik, komandamızda yeni transferlər elə də çox deyildi. Gümüş medal almağımızda da lazımı adaptasiya olmaması əsas səbəbdir. Lakin dünya çempionatında yenidən final oynamaq həyəcanı, fəxri kürsüdə yer almaq gözəl hissdir.