İtaliyalı məşqçi Bakı klubunu təriflədi
30.10.2012 - 11:01
İtaliyalı məşqçi Bakı klubunu təriflədi
“Ötən həftə Polşada yaxşı oyun nümayiş etdirdik. Hərçənd, bəzi zəif nöqtələrimizi də gördük və səhvlərə də yol verdik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Əczaçıbaşı” klubunun baş məşqçisi Lorentso Miçelli deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Azərreyl”lə sabahkı oyun barədə danışıb.

Miçelli həmyerlisi Alessandro Çiappininin komandasını güclü rəqib sayır: “Yarışa qələbə ilə başlamaq çox vacib idi. İndi ikinci matçımızı “Azərreyl”ə qarşı keçirəcəyik. Onlar hazırda top fərqinə görə qrupda liderdir. Bakı təmsilçisinin heyətində çox yaxşı və güclü voleybolçular yer alır. Ancaq komandamızın oyun keyfiyyətləri gündən-günə yaxşılaşır. Azarkeşlərimizin dəstəyi altında ilk ev oyununda qalib gəlmək istəyirik”.

Qeyd edək ki, ilk turda “Əczaçıbaşı” səfərdə “Tauron”a, “Azərreyl” isə “Dresdner”ə 3:1 hesabı ilə qalib gəlib.