Azərbaycanla oyun öncəsi ehtiyat qüvvəyə baxış
26.01.2013 - 11:53
Azərbaycanla oyun öncəsi ehtiyat qüvvəyə baxış
Qadın voleybolçular arasında Avro-2013-ün Azərbaycan millisi ilə eyni qrupda yer alan Rusiya yığmasının yeni baş məşqçisi Yuri Mariçev ilk planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis öncə gənc və perspektivli oyunçuları bir yerə cəmləyəcəyini bildirib.

Onun sözlərinə görə, mayın 17-də Novoqorskda təlim-məşq toplanışı keçdikdən sonra İsveçrədə turnirdə də iştirak edəcəklər: “İlk toplanışa yığmanın ehtiyat qüvvəsi olan gəncləri və bilavasitə millinin əsas heyətinə namizəd olan, lakin hələlik müxtəlif səbəblərə görə mövsümdə az çıxış edən oyunçuları cəlb edəcəyik. Məsələn, bunlar arasında Tatyana Koşeleva və Yuliya Merkulava da yer alacaq. Əlbəttə ki, perspektivli voleybolçuların siyahısı genişdir. Lakin kimin toplanışa çağırılacağı barədə danışmaq hələ tezdir. Onların nə dərəcədə perspektivli olmasını və gələcəkdə bizim birinci komandamıza kömək edib və ya etməyəcəyini ilk toplanışda biləcəyik”.

Qeyd edək ki, Almaniya və İsveçrədə keçiriləcək Avropa çempionatının final mərhələsində qrupumuzda Rusiya ilə yanaşı, Xorvatiya və Belarus-Slovakiya cütünün qalibi yer alacaq. Yarış isə sentyabrda olacaq.