“Dördlər finalı”na çıxmaq üçün bütün gücümüzü ortaya qoyacağıq” - MÜSAHİBƏ
31.01.2013 - 11:54
“Dördlər finalı”na çıxmaq üçün bütün gücümüzü ortaya qoyacağıq” - MÜSAHİBƏ
“Azərreyl”in baş məşqçisi Alessandro Çiappini növbəti dəfə Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, bu gün 44 yaşını tamam edən italiyalı mütəxəssis həmkarımıza Azərbaycan Super Liqası, çalışdırdığı klub və paytaxtımız Bakı barədə danışıb. O həmçinin, bir daha hazırda boş olan Polşa yığmasına namizədliyi ilə bağlı suallara aydınlıq gətirib.


- Azərbaycan Super Liqasında 7 komanda mübarizə aparır ki, onlardan 2-də gənc voleybolçular yer alır. Bunun üçün çempionat barədə fikirləriniz maraqlıdır...
- Ancaq digər 5 komanda çox güclüdür. Çempionatda son nəticəni hələ proqnozlaşdırmaq mümkün deyil. “Lokomotiv” indi enişdədir, çünki onlar mövsümün əvvəlində güclü rəqiblərlə oyunlarda xallar itirdilər. Buna baxmayaraq, matçlar çox yüksək səviyyədə keçir. Bunu asan təsəvvür etmək olar. Çünki Azərbaycanda legioner limiti yoxdur. Polşada isə bu baxımdan bir qədər fərqlidir. Orada 10 komanda arasında böyük fərq var. Hərçənd, mən klublar arasında balansı yaxşı qiymətləndirirəm. Bununla Polşada işlədiyim son 2 mövsümdə üzləşmişəm. Bakıda o mənada asandır ki, bütün oyunları eyni məkanda keçirirsən və yol qət etməli olmursan (gülür).

- “Azərreyl” Çempionlar Liqasında artıq II pley-off mərhələsinə yüksəlib. “Dördlər finalı”nın bir addımlığında komandanızın çıxışını necə dəyərləndirərdiz?
- Hazırkı mövsümdə səviyyə çox yüksəkdir. Əlbəttə, “Dördlər finalı”na çıxmaq bizim arzumuzdur. Biz bu məqsədə çatmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Ancaq bu asan olmayan vəzifədir.

- Komandanızda Polşadan tanış simalar da yer alıb. “Atom”dan yaxşı tanıdığınız Milena Radeçka, Meqan Hodj, Karolina Vensink, Debbi Stam və Anna Qrbaç rəhbərliyiniz altında oynayır. Onlar “Azərreyl”in yüksəlişinə töhfə verə bilirlərmi?
- Bəli, elədir ki, var. Biz Polşadan voleybolçuların yarısını gətirdik (gülür). Buna baxmayaraq, onlar müxtəlif klublardan transfer edildi. Bu oyunçuların hamısını 1 komandaya cəmləmək üçün çox iş gördük. Məqsəd odur ki, bütün voleybolçular meydanda bir-birini yaxşı başa düşsünlər. Buna isə bir qədər vaxt lazımdır.

- Polşa dilini nə dərəcədə öyrənmisiz? Bu işdə, qızlarla ünsiyyət qurmağınızda Radeçkanın yardımçı olduğunu ehtimal etmək olarmı?
- Mən Polşa dilində danışmağı daha da yaxşılaşdırmağa çalışıram. Ancaq açığı, bu, çox çətindir. Milena indi italyanca da çox sərbəst danışır. Kimsə Polşa dilində asta danışırsa, mən bəzi cümlələri rahat başa düşürəm.

- Polşalı voleybol azarkeşləri yığmanın baş məşqçisi ilə bağlı növbəti seçimi gözləyir. Siz bu işdə nə dərəcədə maraqlısız?
- Əlbəttə, Polşa yığmasının baş məşqçisi olmaq istənilən peşəkar mütəxəssisə, o cümlədən, mənim üçün böyük şərəfdir. Bu arzudur. Mən Polşada işin təşkilatçılığının necə olduğunu gözəl bilirəm. Buranın azarkeşləri də möhtəşəmdir. Onların voleybol bilikləri, bunu dərk etmələri də yüksəkdir. Bu baxımdan Polşanı unikal ölkə sayıram.

- Polşalı voleybolçular onu təkid edir ki, baş məşqçi böyük iş təcrübəsinə malik olsun. Bir neçə il öncə Türkiyə yığmasından sonra “Atom”a baş məşqçi təyin edildiz. Millidə çalışmağınız həmin post üçün şanslarınızı artırır?
- Fikrimcə, karyeramda həm klub, həm də yığma səviyyəsində əhəmiyyətli dərəcədə böyük təcrübəm var. Əlbəttə, mən özümü yeni nailiyyətlərə hazır hiss edirəm.

- Bu barədə Polşa Voleybol Federasiyasından kimləsə danışığınız olub?
- Mənim bu qurumun nümayəndələrinin heç biri ilə hansısa görüşüm olmayıb.

- Bakı klubu ilə müqaviləniz bitdikdən sonra Avropaya qayıtmaq istəyirsiz?
- Mən “Azərreyl”ə müqavilə ilə yalnız 1 il bağlıyam. Burada özümü çox rahat hiss edirəm. Əla işçi qrupumuz, yaxşı müqavilələrimiz var. Peşəkarların idarə etdiyi klubun xüsusi idman zalı var. Bakı isə yaşamaq üçün maraqlı şəhərdir. Burada voleybol yüksək səviyyədədir. Mən bilmirəm ki, digər Avropa klublarında belə eyni yaxşı şəraiti tapmaq olarmı? Gələcəkdə nə baş verəcəyini görəcəyik.