Özkan Sümər: Ruslan Nəsirli haqda müsbət fikirlər var
05.02.2013 - 02:48
Özkan Sümər: Ruslan Nəsirli haqda müsbət fikirlər var
“Trabzonspor”un aşağı yaş qrupu üzrə koordinatoru Özkan Sümər Qara dəniz təmsilçisinin gənclərdən ibarət komandasında baxışda olan “Sumqayıt”ın gənc futbolçuları ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Medyaspor” saytına müsahibə verən klub nümayəndəsi, təmsilçilərimiz - Ruslan Nəsirli və Şamil Camaləddinovun 22-29 yanvar tarixləri arasında “Trabzonspor”un gənc komandasının heyətində məşqlərə başladığını və sınaq müddətinin ardından Antalyada olan Azərbaycan milli komandasının düşərgəsinə qatıldığını bildirib.

O, “Sumqayıt”ın mərkəz hücumçusu Ruslan Nəsirli haqda müsbət fikirlərinin olduğunu vurğulayıb:

“İki oyunçu baş məşqçimizin rəhbərliyində bir həftə məşqlərdə iştirak etdi. Daha sonra keçdiyimiz şənbə günü milli komandalarının Antalyadakı düşərgəsinə yollandılar. Baş məşqçimizin raportunda mərkəz hücumçusu Ruslan Nəsirli haqda müsbət fikirlər var. Bunu yazılı olaraq, onun klubuna da bildirmişik. Hər iki oyunçunun hələ 18 yaşı tamam olmayıb. Ona görə də fərqli prosedurlar ortaya çıxır. Bununla bağlı olaraq maraqlanırıq”.

Sümər “Sumqayıt”ın digər bir futbolçusu Orxan Əliyev haqda isə bunları ifadə edib: “Əliyevlə bağlı isə önəmli məlumatlar aldıq. Ancaq yaşadığı zədə səbəbi ilə onu izləməyə imkan olmadı. Orxanı baxışdan keçirmək üçün vaxt müəyyənləşdirməsək də, diqqətimizdə olan futbolçudur”.