“Hər dəfə hiss edirəm ki, qarşımdakı rəqib dostumdu” - MÜSAHİBƏ
12.02.2013 - 11:23
“Hər dəfə hiss edirəm ki, qarşımdakı rəqib dostumdu” - MÜSAHİBƏ
“Azərreyl”in sabiq voleybolçusu, hazırda Kazan “Dinamo”sunun şərəfini qoruyan Hizer Erin Brun Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, amerikalı blokçu Çempionlar Liqasının 1/3 final mərhələsində “Rabitə” ilə ilk oyundan danışıb, Bakıda bunun revanşı üçün vacib olan məqamları açıqlayıb. O, həmçinin Azərbaycanı və “Azərreyl”in heyətində indi şərəfini qoruduğu “Dinamo”ya məğlubiyyəti xatırlayıb.

- Çempionlar Liqasının 1/3 final mərhələsində “Rabitə” ilə ilk görüşü necə dəyərləndirərdiniz?
- Evdə uduzduğumuza görə çox məyusuq. Bu, elə bir oyundur ki, nəticə üçün 1 top da həlledici sayılır. Komanda şəklində bəzən həlledici səhvlərə yol verdik və bu amil yekunda bizə baha başa gəldi. Bizim üçün yaxşı cəhət odur ki, hesabda geridə olanda ruhdan düşmürdük və hər dəfə vəziyyətdən çıxış yolu axtarırdıq. Bu, şəxsən məni çox razı saldı. Məğlubiyyət son deyil və fevralın 14-də Bakıdakı oyunda çatışmazlıqları aradan qaldırmalıyıq.

- “Rabitə”də sizin ABŞ millisində birgə oynadığınız Foluke Akinradevo oynayır. Onu yaxşı tanımağınız sizin üçün asan, yoxsa çətindir?
- Artıq 10 ildən çoxdur peşəkar səviyyədə voleybol oynayıram. Hər dəfə hiss edirəm ki, qarşımdakı rəqib dostumdur. Bu, xoşdur. Ancaq mən daha çox tanımadığım idmançılara qarşı oynamağı sevirəm (gülür). Torun qarşı tərəfindəkinin, rəqibin tanış olmasının və ya əksinin mənim üçün fərqi yoxdur. Ancaq hər halda, tanış sima ilə üz-üzə durmaq həmişə xoşdur.

- Komandanızın “Dördlər finalı”na çıxmaq şansı qalır. Cavab matçında qalib gəlib, ardından “Qızıl set”i qazanmağınız üçün oyununuzda nəyi yaxşılaşdırmalısınız?
- “Dinamo” Rusiyada liderdir. Hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Fikrimcə, ilk matçlarda buraxdığımız bəzi səhvlərə yol verməsək, bunlar Bakıdakı oyunun taleyində həlledici olacaq.

- Ötən mövsüm “Azərreyl”də çıxış etdiyiniz zaman indiki komandanıza “Qızıl set”də uduzaraq, “Dördlər finalı”ndan kənarda qaldınız. İndi necə olacağını düşünürsüz?
- Biz qalib gəlib oyunun taleyini “Qızıl set”ə daşısaq, üstünlük bizdə olacaq. Ancaq qalib gəlməyin mənim üçün harada olması fərq etmir. Düzdür, “Qızıl set” azarkeşlər üçün çox maraqlıdır. Çünki matçın sonuna kimi yüksək sürətdə oynamalısan.

- Siz uzun illərdir Çempionlar Liqasında oynayırsız. İtaliyada “Foppapedretti”, “Cesi”, Türkiyədə “Əczaçıbaşı”, Azərbaycanda “Azərreyl” və indi isə Rusiyada “Dinamo” ilə Avropanın ən nüfuzlu turnirinin iştirakçısınız. Hansı xatirələriniz var?
- Bu yarış mənim üçün ən intriqalı turnirdir. Hər komandanın potensialını Avropanın müxtəlif yerlərində görməyin mümkün olması əladır. Düzdür, 1 həftədə yerli çempionatla yanaşı, burada da oynamaq yorucudur. Ancaq buna baxmayaraq, belə mübarizəni həyatda nə iləsə dəyişmək olmaz (gülür). Belə arzuolunmaz şəraitdə sən komanda yoldaşlarının və özünün əsl xarakterini öyrənə bilərsən. Çünki bütün mövsümü evdə oynamırsan, bu turnirdə getmədiyin ölkələrə, şəhərlərə getmək imkanın yaranır.

- Rusiyada belə ənənə var ki, hər oyundan öncə ölkənin və hər respublikanın himni səsləndirilir. Bu Azərbaycan Super Liqasında da belədir. Həmin məqam haqda nə fikirləşirsiz?
- Mən himni daima dinləyirəm və bu çox xoşuma gəlir. İndi Kazanda oynadığımdan Tatarıstanın dövlət rəmzinə qulaq asırıq. Bu, xüsusilə gözəldir.

- Bəs Rusiyada sizi ən çox heyrətləndirən nədir?
- Bəzi şeylər var ki, məndə böyük təəssüratlar oyatdı. Məsələn, qadının yüksək dabanlı ayaqqabı ilə qarın üzərində necə gəzməsi... Bu, inanılmazdır.