“Azərreyl” relsdən çıxdı - YENİLƏNİB
13.02.2013 - 19:55
“Azərreyl” relsdən çıxdı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Azərreyl” İtaliya çempionu “Yamamay”ı qəbul edib.

Komandamız səfərdə 2:3 hesabı ilə uduzduğundan “Dördlər finalı”na yüksəlmək üçün mütləq qalib gəlməli, ardınca “Qızıl set”ə ümid etməli idi. Lakin “dəmiryolçular” Busto Arsiziodakı məğlubiyyətin revanşını alsalar da, oyunun taleyinin həll olunduğu “lotereya”da bəxtsizliklə üzləşiblər.

Belə ki, matç “Azərreyl” üçün yaxşı başlayıb. Komandamız ardıcıl hücumlar sayəsində 3:1 hesabı ilə önə keçib. Lakin ardınca rəqib oyunda tarazlıq yaratmağa müvəffəq olub və hətta 2 top fərqi ilə irəli keçib – 6:4. Bu isə “dəmiryolçular”ın öz oyununu tapmağa vadar edib. Komandamız qazandığı ardıcıl xallar sayəsində ilk texniki fasiləyə 1 top üstün yollanıb.

Bundan sonra da voleybolçularımız uğurlu çıxışlarını davam etdirərək, top fərqini 3-ə çatdırıb – 10:7, 16:13. Amma məğlubiyyətlə barışmaq istəməyən “Yamamay” yenidən qarşılaşmada bərabərlik yaradıb – 17:17, 22:22. Bu isə Alessandro Çiappininin taym-aut götürməsinə səbəb olub. Onun tövsiyələrini inamla yetirən voleybolçularımız rəqibin hesabda irəli çıxmasına imkan verməyib və birinci seti hesablarına yazıblar.

İlk hissə ilə müqayisədə ikinci set “Azərreyl” üçün daha asan alınıb. Artıq əsas vaxtda qalib gələ bilməyəcəyini başa düşən və “Qızıl set” üçün gücünü qorumağa başlayan İtaliya çempionu hər 2 texniki fasilədə geridə olub – 6:8, 13:16. Komandamız azarkeşləri üçün baxımlı oyun nümayiş etdirərək, bu dəfə hissəni 7 top üstünlüklə bitirib.

Ardınca “Yamamay” taktiki gediş edərək, bakılılara qarşı ciddi müqavimət göstərib. Lakin onlar setin gedişində hesabda irəli olmalarına baxmayaraq, yenidən təmsilçimiz öz oyununu taparaq, hesabı bərabərləşdirib – 19:19. Bu, qonaqların “sınması”, “Azərreyl”in daha da ruhlanmasına ilə nəticələnib – 25:21.

Beləliklə, matçların hesabında bərabərlik yaradan “Azərreyl” oyunu “Qızıl set”ə daşıyıb. Lakin bu onlara baha başa gəlib. “Yamamay”ın ardıcıl 4 zərbəsi qarşısında aciz qalan komanda sonra özünə gəlsə də, xeyri olmayıb. İtaliyalılar üstünlüyü əldən verməsinə baxmayaraq (9:9), yenidən toparlanmağı bacarıblar. Yekunda onlar 0:3 hesablı məğlubiyyətin qisasını “Qızıl set”də alaraq, “Dördlər finalı”na vəsiqə qazanıblar.

Bu, “Azərreyl”in “lotereya”da ardıcıl ikinci məğlubiyyəti olub. Ötən il yarımfinalın bir addımlığında Bakıda “Qızıl set”də Kazan “Dinamo”suna uduzan təmsilçimiz bu dəfə də eyni uğursuzluğu yenə paytaxtımızda yaşayıb.


Çempionlar Liqası
1/3 final mərhələsi, cavab oyunu


13 fevral
“AZƏRREYL” (AZƏRBAYCAN) - “YAMAMAY” (İTALİYA) - 3:0 (25:23, 25:18, 25:21)

QIZIL SET: 11:15

Hakimlər: Arturo di Giakomo (Belçika), Lusian-Vasile Nastase (Rumıniya)
Bakı, Voleybol Mərkəzi

İlk oyun: “YAMAMAY” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)
0