“Rabitə “Dördlər finalı”nda!!! - YENİLƏNİB
14.02.2013 - 18:49
“Rabitə “Dördlər finalı”nda!!! - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, “Dördlər finalı” uğrunda qarşılaşmada “Rabitə” mövsümün sonuncu ev oyununa çıxıb.

Azərbaycan çempionu Kazan “Dinamo”sunu qəbul edib. Marçello Abbondanzanın yetirmələri səfərdə qalib gəldiklərindən evdə işləri elə də çətin olmayıb. Onlar ikinci görüşdə də layiqli qələbə qazanaraq, 1 mövsümlük fasilədən sonra yenidən “Dördlər finalı”na yüksəliblər.

Belə ki, oyunun əvvəlindən sonuna kimi üstünlük komandamızın tərəfində olub. İlk texniki fasiləyə 3 top irəlidə çıxan “Rabitə” ikinci texniki fasilədə fərqi 5-ə çatdırıb. Fanatlarına gözəl oyunla şou göstərən voleybolçularımız yekunda birinci hissəni 7 xal öndə bitirib.

İkinci setdə də Bakı təmsilçisi Rusiya çempionuna çətin anlar yaşadıb. Bütün mövqelərdə qonaqlardan üstün oyun nümayiş etdirən bakılılar bu dəfə daha böyük fərqlə qələbə qazanıblar. İkinci texniki fasiləyə ikiqat üstün yollanan “Rabitə” hissəni 25:14 hesabı ilə aktivinə yazıb.

Üçüncü setdə isə oyun fərqli ssenari ilə davam edib. Avrokubokla vidalaşmaq istəməyən rəqib əzmkarlıq nümayiş etdirərək birinci texniki fasilədən sonra hesabı bərabərləşdirib və fərqi 6 topa çatdırıb (18:12). Həmin anlarda blokda inamlı oyunu ilə diqqət çəkən “Dinamo” sonda fərqi azaltmağa da müvəffəq olub – 1:2.

Ardınca 4-cü hissədə məğlubiyyətin başa gələ biləcəyini yaxşı anlayan voleybolçularımız şimal qonşularımızın hesabı bərabərləşdirmək arzusunun üzərindən xətt çəkiblər. Bir qədər gərgin alınan setdə də Azərbaycan və Rusiya çempionlarının fərqi üzə çıxıb – 25:20.


Beləliklə, Marçello Abbondanzanın rəhbərliyi altında Çempionlar Liqasında keçirdiyi 10-cu oyunu da qələbə ilə başa vuran “Rabitə” “Dördlər finalı”na vəsiqə qazanıb. Onlar bununla da ötən mövsüm Bakıda “Azərreyl”ə “Qızıl set”də qalib gəlməklə, yarımfinala yüksələn “Dinamo”nu bu dəfə vətənlərinə “əliboş” göndəriblər.

Komandamızın “Dördlər finalı”ndakı rəqibi də məlumdur. Bu, bir gün öncə “Azərreyl”i mübarizədən kənarlaşdıran İtaliya çempionu “Yamamay”dır.


Çempionlar Liqası
1/3 final mərhələsi, cavab oyunu


14 fevral
“RABİTƏ” (AZƏRBAYCAN) - “DİNAMO” (KAZAN, RUSİYA) - 3:1 (25:18, 25:14, 19:25, 25:20)
Hakimlər: Karin Zaharçova (Çexiya), Alin Mateyzer (Rumıniya)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

İlk oyunlar
“DİNAMO” (KAZAN, RUSİYA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:23, 20:25, 21:25)

Qeyd edək ki, 1/3 final mərhələsinin digər cütündə “Əczaçıbaşı” (Türkiyə) – “Vakıfbank” (Türkiyə) oyunu baş tutacaq.
0