“Dördlər finalı”na çıxmaqla kifayətlənməyəcəyik” - MÜSAHİBƏ
18.02.2013 - 09:39
“Dördlər finalı”na çıxmaqla kifayətlənməyəcəyik” - MÜSAHİBƏ
“Rabitə”nin voleybolçusu Dobriana Rabadjiyeva məşhur sbvolley.ru saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, bolqarıstanlı legionerimiz “Dördlər finalı”na yüksəlmələrindən, klubunun böyük iddiasından və əvəzləyicisi olduğu Angelina Qrünla müqayisəsindən danışıb.

- Kazan “Dinamo”sunun baş məşqçisi “Rabitə” ilə oyunda komandanızın topu oyuna daxil etmələrinizi qeyd edib. Siz onunla razısız?
- Həqiqətən, topu oyuna daxil etmələrimiz əla “uçurdu”. Ancaq fikrimcə, məsələ yalnız bunda deyil. Sadəcə “Rabitə” bu seriyada yaxşı balanslaşdırılmış oyun göstərdi. Biz komanda kimi güclü idik və “Dördlər finalı”na vəsiqəni haqq etdik.

- Əsas vəzifə Yekaterina Qamovanı bağlamaq idi?
- Biz Qamovanı ümumiyyətlə imkan daxilində saxlamağa çalışırdıq. Kazanda onunla bacardıq. Yekaterina Bakıda öz xallarını topladı. Ancaq istənilən halda qələbəni “Rabitə” bayram etdi. Əslində biz “Dinamo”nun daha rəngarəng hücumlarını gözlədiyimizdən buna hazırlaşmışdıq. İnanmaq istərdik ki, biz rəqibə öz gücünü göstərməyə imkan vermədik.

- “Rabitə” “Dördlər finalı”na çıxdı ki, bir il öncə buna nail ola bilməmişdi...
- “Rabitə” ilə “Fənərbaxça” ötən mövsüm Çempionlar Liqasının ən güclü 2 komandası idi. Təəssüf ki, biz “Dördlər finalı”nın 1 addımlığına kimi irəliləyə bildik və istanbullular bizdən güclü oldu. Ancaq hesab edirəm ki, ötən mövsüm bizim üçün uğurlu keçdi. Axı, “Rabitə” həmin vaxt klublararası dünya çempionluğunu qazandı və Azərbaycanın ən güclü klubu olmaq titulunu qorudu. Şəxsən mən Natalya Məmmədova, Nataşa Osmokroviç və Kimberli Qlassdan çox şey öyrəndim. “Rabitə”nin bu mövsümdə yeni baş məşqçisi var. Heyət əhəmiyyətli dərəcədə dəyişib. Ancaq iddialar həmişəki kimi yüksək olaraq qalıb. Sadəcə, biz “Dördlər finalı”na çıxmaqla kifayətlənməməyə çalışacağıq.

- Siz mövsümün gedişində Angelina Qrünü start heyətindən çıxara bildiz. Buna necə nail olduz?
- Angelina çox tanınmış, adlı-sanlı oyunçudur. Mənim isə cəmi 21 yaşım var. Tərəfimdən hansısa müqayisə etmək düzgün olmaz. Yayda qarşıma “Rabitə”nin əsas heyətinə düşmək vəzifəsini qoydum və bunun üzərində çox çalışdım. İndi heyətdə yerimi qorumaq, komandaya faydalı olmaq üçün hər şeyi edəcəyəm.

- Güclü və zəif tərəfləriniz hansıdır?
- Gənc vaxtda hamı hücum etmək istəyir. Hərdən adama elə gəlir ki, digər oyun elementlərinə vaxt keçdikcə uyğunlaşa bilirsən. Mənə vaxtında izah etdilər ki, kompleks inkişaf etmək və həmişə öz üzərində çalışmaq lazımdır. Buna görə də top qəbuluna və müdafiəyə çox diqqət yetirirəm. Məni qara işlə qorxuda bilməzsən. Ancaq hücum etməyi də sevirəm (gülür).

- Kolumbiyalı Madeleyne Montano Cənubi Koreya Liqasında parlayaraq, “Rabitə”yə gəldi və komandanın lideri oldu. O, bu mövsümün tapıntısıdır?
- Hər halda onlardan biridir. Madeleyne afərin, çox çalışır. Mənə elə gəlir ki, Asiya liqalarını heç qiymətləndirmirlər. Montana hücumlarımızın lideridir. Daha bir “koreyalı” Sanya Popoviç “Bank Fakro”ya (Polşa) CEV kubokunun finalına çıxmağa kömək etdi. Brankiça Mixayloviç Asiyada çıxışından sonra əhəmiyyətli dərəcədə artırıb. Mövsümün əvvəlində bu qitəyə Kimberli Qlass da yollandı. Amerikalı deyir ki, ukraynalı Lesya Rıxlyuk orada sadəcə bütün rəqiblərini sıradan çıxarır. Buna görə də yəqin ki Asiya gələn mövsümdə də hamıya sürprizlər hazırlayacaq.