“Azərbaycanda böyük voleybol adları ilə tanış oldum” - MÜSAHİBƏ
18.02.2013 - 12:43
“Azərbaycanda böyük voleybol adları ilə tanış oldum” - MÜSAHİBƏ
“Rabitə”nin heyətində dünya çempionatının gümüş mükafatçısı olmuş Yekaterina Zakrevskayanın apasport.az saytına müsahibəsi

- 2013-cü ilə yeni komandada – Rusiya “Proton” klubunda start verdiniz. Bu komandada işləriniz necə gedir?
- Hələlik hər şey qaydasındadır. Çempionatın gərgin çağıdır.

- 2012/2013 mövsümünün ilk yarısını Azərbaycanda, sonrakı hissəsini isə Rusiyada keçirirsiz. Bu 2 çempionatı necə müqayisə edərdiniz?
- Öncə qeyd edim ki, Rusiya klubuna keçidimin əsas səbəbi Azərbaycan Super Liqasında oynamamağım idi. Şübhəsiz, “Rabitə” çox güclü komandadı, heyətində böyük titullara malik ən yaxşı voleybolçular cəmləşib. Bunun üçün də belə bir komandanın heyətinə düşmək çox çətin idi. Nəticədə elə bir kluba getməyə qərar verdim ki, orada daim oynayım və təcrübə qazanım. Bu üzdən mənə 2 çempionatı müqayisə etmək çətindir. Rusiya Superliqası barədə isə danışa bilərəm. Əlbəttə, çox güclüdür. Azərbaycanda olduğu kimi, burada da əhəmiyyətsiz oyunlar yoxdur. Yeganə ciddi fərq ondadır ki, Rusiyada uzaq səfərlər və həmin vaxt olan saat fərqinə uyğunlaşmaq çox ağırdır. Düşünürəm ki, hər 2 çempionat ümumilikdə çox güclüdür.

- Ölkəmizdə lider, iddialı “Rabitə”nin heyətində oynayırdız. Lakin indi ortabab “Proton”da çıxış edirsiz. Belarus millisinin oyunçusu kimi, bunu geriyə addım kimi qiymətləndirmirsiz?
- Xeyr (gülür). Əlbəttə, əsas heyətdə oynayırsansa, sənə ümidlər bəslənilirsə, məsuliyyət daha böyük olur. Baxmayaraq ki, mən “Rabitə” kimi bir klubdan artıq ayrılmışam. Orada olduğum üçün çox xoşbəxtəm. Çünki Azərbaycanda olduğum müddətdə böyük voleybol adları ilə tanış olmaq imkanı qazandım. Mənim diqqətimi isə ən çox ulduzların sadə, səmimi və ünsiyyətcil olmaları cəlb etdi. Heç biri ulduz kimi yuxarıdan-aşağıya baxmırdı.

- Azərbaycan Super Liqasını və “Rabitə”nin çıxışını izləyirsizmi?
- “Rabitə”nin çıxışını daim izləyirəm.

- “Rabitə”nin Çempionlar Liqasının 1/3 finalında Rusiya voleybolunun lideri Kazan “Dinamo”su ilə qələbəsini necə qiymətləndirirsiz?
- “Dinamo” ilə oyun haqda nə deyə bilərəm ki? Bu görüşdə “Rabitə” açıq-aşkar rəqibindən güclü idi. Hərçənd, Kazan təmsilçisini də çox güclü komanda hesab edirəm. Düşünürəm ki, onlar da “Dördlər finalı”nda oynamağa layiq idi.

- “Rabitə” Çempionlar Liqasında nəyə ümid edə bilər?
- Qızlarımıza həmişə azarkeşlik edirəm. Bu yarışda da onlara dəstək olacam.

- Ölkəmizdə cəmi 3-4 ay oldunuz. Bu müddətdə Azərbaycan, Bakı, klubunuz barədə hansı xatirələrdən danışa bilərsiz?
- Bakı haqda yalnız xoş xatirələrim qalıb. Azərbaycan paytaxtı böyük, gözəl, inkişaf edən bir şəhərdir. Öz tarixi və ənənələri də var. Həm ölkəniz, həm də şəhəriniz çox xoşuma gəldi.

- Yenidən Azərbaycana qayıtmaq istərdizmi?
- Bu haqda danışmayacam. Çünki çempionat hələ başa çatmayıb. Mövsümün sonuna kimi hələ çox şey etməliyik. Əslində, mən hələ komandamı dəyişmək haqda düşünməmişəm də.