“Bu, Azərbaycana böyük mükafat olar”
05.03.2013 - 13:52
“Bu, Azərbaycana böyük mükafat olar”
“Rabitə” voleybol klubunun baş məşqçisi Marçello Abbondanzanın apasport.az saytına müsahibəsi

- Bu gün Bakıda son məşqi keçib İstanbula təşkil olunacaq “Dördlər finalı”na yollanacaqsınız. Həlledici mərhələ öncəsi komandada vəziyyət necədir?
- Hər şey öz qaydasındadır. 12 voleybolçunun hər biri yaxşı formadadır.

- Klublararası dünya çempionatı öncəsi komandanın yeni yığıldığını və yarışa 30-40 faiz hazır olduğunu demişdiz. Artıq müəyyən müddət ötüb. Bu dəfə hazırlığı necə qiymətləndirirsiniz?
- Bu dəfə 70-75 faiz deyirəm. Lakin düşünürük ki, yarışa hələ var və bu faiz göstəricisi daha da artacaq.

- Çatışmayan 25 faizi Türkiyədə aradan qaldırmağı planlaşdırırsız?
- Ümid edirəm ki, belə olacaq.

- Finala yüksəlmək üçün öncə İtaliyanın “Yamamay” klubu ilə qarşılaşacaqsız. Həmyerlilərinizlə görüş barədə deyə bilərsiz?
- Onlar sırf İtaliya üslubunda oynayırlar. Çox sürətli, kombinasiyalı voleybol nümayiş etdirir, səhvləri mümkün qədər az edirlər. Həmçinin, 2 çox güclü orta oyunçusu var ki, bu da çox önəmlidir. Fikrimcə, matç çox gərgin, eyni zamanda maraqlı alınacaq.

- “Vakıfbank” – “Qalatasaray” cütündə kimi favorit sayırsız? Onlardan hansı sizə münasib rəqibdir?
- Hazırda yalnız “Yamamay”la oyun barədə düşünürəm. Çünki onlara qalib gəldikdən sonra final barədə fikirləşmək olar.

- “Dördlər finalı” 4 italiyalı baş məşqçinin dueli kimi də qiymətləndirilir. İtaliyalı mütəxəssislərin hegemonluğunu necə izah edərdiz?
- İtaliya voleybolunda fəlsəfə olduqca inkişaf edib. Son 14 ildə ölkəmizdə idmanın bu növü yüksək səviyyədədir. Düşünürəm ki, yanaşma, məşq prosesi, özlərinin öyrənməsi və oyunçulara nəsə öyrətməsi tam fərqlidir və üstündür. Düzdür, hazırda İtaliya voleybolunda maliyyə problemləri, çətinliklər var. “Dördlər finalı”nda 4 italiyalının mübarizəsinə gəlincə, hər birimizin güclü komandası var. Meymun komandası olsaq, sözsüz ki, heç birimiz irəliləyib bu mərhələyə gələ bilməzdik.

- Onda yarışda şanslarınız da bərabərdir?
- Bəli, hər komandaya 25 faiz.

- Sizi Azərbaycan və Türkiyədə dəstəkləyəcək fanatlara nə demək istərdiz?
- Azarkeşlərə onu demək istəyəm ki, komandaya, bizə enerji versinlər, qələbəmiz üçün dua etsinlər, mümkün qədər pozitiv yanaşsınlar. Çünki bizim buna çox ehtiyacımız var. Bütün Azərbaycan xalqı “Rabitə”yə dəstək olsun. Biz Çempionlar Liqasını Azərbaycan üçün udmağa, kuboku buraya gətirməyə çalışırıq. Çünki ölkəniz voleybol üçün çoxlu güc, enerji sərf edir. Məncə, bu, Azərbaycana böyük mükafat olar. Bir sözlə, Çempionlar Liqasında qələbəni Azərbaycan xalqına hədiyyə etmək istəyirik.