“Rabitə”nin voleybolçusu qırılan dünya rekordundan danışdı
06.03.2013 - 16:41
“Rabitə”nin voleybolçusu qırılan dünya rekordundan danışdı
“Rabitə”nin voleybolçusu Madeleyna Montano dünya rekordunun qırılmasına münasibət bildirib. Bu barədə apasport.az saytına açıqlama verən kolumbiyalı legioner 1 oyunda 55 xal toplamaqla ona məxsus rekordu yeniləyən Nikol Fosettin nailiyyətinə toxunub.

2 il öncə Cənubi Koreyada çıxış etdiyi vaxt KGC – “Heunqkuk” qarşılaşmasında meydan sahiblərinə 54 xal qazandıran Montana amerikalının bu göstəricini yaxşılaşdırmasına üzülməyib: “Sevinirəm ki, voleybolçular bəlli bir səviyyənin üstündən keçir. Çünki mən də bir vaxtlar Barbara Yeliç-Ruziç 53 xal qazananda deyirdim ki, bu, necə də böyük göstəricidir... Amma müəyyən vaxtdan sonra mən də 54 xal topladım. Bununla da öz missiyamı yerinə yetirdim. Fosettin də rekordumu qırmasına sadəcə sevinirəm”.

Qeyd edək ki, Fosett də Cənubi Koreya çempionatında rekord vurub. O, şərəfini qoruduğu EX klubunun İBK komandası ilə görüşündə fərqlənib.