Yeni uğurun astanasında
08.03.2013 - 20:31
Yeni uğurun astanasında
Sabah Türkiyənin İstanbul şəhərində qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na start veriləcək. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə mübarizə aparacaq 4 komanda arasında Azərbaycan təmsilçisi də olacaq.

Son illərin dəyişməz ölkə çempionu “Rabitə” voleybolumuzun nüfuzunu qorumaq üçün İstanbuldakı turnirdə gücünü göstərməyə çalışacaq. Klublararası dünya çempionatında qızıl və gümüş medal almaqla yeni tarix yazan bakılılar burada 2 il öncə qazandıqları ikinciliyi çempionluğa dəyişməyi hədəfləyiblər. Bunun üçün ilk növbədə yarımfinal səddi aşılmalıdır ki, buradakı rəqib İtaliya A seriyasının çempionu “Yamamay”dır.

Bu cütün qalibi finalda Türkiyə - “Qalatasaray” – “Vakıfbank” derbisinin güclüsü ilə qarşılaşacaq. İstanbullular Çempionlar Liqasının son qalibi “Fənərbaxça” yarışda iştirak etmədiklərindən kuboku ölkələrində saxlamaq arzusundadır.

“Dördlər finalı”, İstanbul

9 mart
1/2 final

16:00. “Rabitə” (Azərbaycan) – “Yamamay” (İtaliya)
19:00. “Qalatasaray” (Türkiyə) – “Vakıfbank” (Türkiyə)

10 mart
III yer uğrunda

16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu

Final
19:00. 2-ci cütün qalibi - 1-ci cütün qalibi

Qeyd edək ki, “Yamamay” “Dördlər finalı”na gedən yolda “Azərreyl”i mübarizədən kənarlaşdırmışdı.