Qisasla yubiley üçün
09.03.2013 - 00:01
Qisasla yubiley üçün
Çempionlar Liqasının açılış matçında keçiriləcək “Rabitə” – “Yamamay” görüşü Azərbaycan və İtaliya klublarının avrokuboklar tarixində 29-cu dueli olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək qitənin müxtəlif klub turnirlərində 2 ölkənin qadın voleybolçuları 28 dəfə üz-üzə gəliblər.

İlk belə duel 1990/1991 mövsümündə BKMZ ilə “Peskopagano” arasında CEV kubokunda keçirilib. Həmin vaxt Apennin təmsilçiləri 3:1 hesabı ilə qalib gəlib. Bizimkilərin ilk qələbəsi elə bu komandanın Bakıdakı görüşünə təsadüf edib – 3:2.

Ümumilikdə indiyədək Azərbaycan klubları 9, italiyalılar 19 qələbə qazanıb. “Rabitə” “Yamamay”ı məğlub etməklə, yubiley – 10-cu zəfərimizi rəsmiləşdirə bilər. Bu oyunlardakı set fərqi isə 43-69-dur.

“Rabitə” isə italiyalılarla qarşılaşmalarda müsbət balansa malikdir. 7-ci dəfə apenninlilərlə görüşən çempionumuz 4 dəfə qalib gəlib və 2 dəfə məğlub olub. Bu oyunlardakı set fərqi də üstünlüyümüzü əks etdirir – 16-10.

Təmsilçimiz 2 məğlubiyyətdən birini “Yamamay”dan aldığından İstanbulda 3 il əvvəlki yenilginin qisasını almağa çalışacaq. İndiki kimi onda da yarımfinalda üzləşən komandalar həmin vaxt CEV kuboku uğrunda mübarizə aparırdı. Onda Bakıda keçirilən “Dördlər finalı”nda rəqib 3:2 hesabı ilə qalib gəlmişdi. Bu dəfə “Rabitə” qələbə qazanmaqla, tək özünün deyil, “Azərreyl” və “İqtisadçı”nın da heyfini almış olacaq. Belə ki, “Yamamay” CEV kubokunun 2010/2011 mövsümündə universitet komandasını hər 2 oyunda, Çempionlar Liqasının cari mövsümündə isə “dəmiryolçular”ı “Qızıl set”də məğlub etmişdi.