Cəlil Cəfərov: Onlar buna hazırdırlar - MÜSAHİBƏ
10.03.2013 - 12:04
Cəlil Cəfərov: Onlar buna hazırdırlar - MÜSAHİBƏ
“Rabitə”nin prezidenti Cəlil Cəfərovun apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına müsahibəsi

- “Rabitə” 2 il olduğu kimi yenə Çempionlar Liqasının finalına yüksəlib. Komandanın yarımfinalda “Yamamay”la oyunu barədə nə deyə bilərsiz?
- Matçın gedişi doğurdan da gözlənilməz oldu. Hamı proqnoz verirdi ki, “Rabitə” “Yamamay”a çox rahatlıqla qalib gələcək. Ancaq bu, düzgün deyil. Çünki ən azından “Dördlər finalı”dır, burada hər kəs udmaq istəyir. Bundan əlavə, “Yamamay” da həmin komanda deyildi. Onların əsas oyun qurucusu bizlə mübarizədə artıq oyunda idi və bunun üçün tam fərqli oynayırdılar. Buna baxmayaraq, ilk 2 setdə normal oyun getdi və “Rabitə” öz gücünü necə lazımdır göstərdi.

- Bundan sonra oyunun axarının dəyişməsinə nə səbəb oldu?
- 3-cü setin bir az gərginləşməsində “Yamamay”ın qalib gəlməsini deməzdim. Düşünürəm ki, öz səhvlərimiz səbəbindən hissəni onlara hədiyyə etdik, oyunumuz alınmadı. Bu ola bilsin ki, qadın psixologiyasından irəli gələn bir şeydir. Bir az arxayınçılıq oldu. Düzdür, bu, oyunu gərgin vəziyyətə çıxarmışdı. Amma 5-ci set “Rabitə” yenə öz gücünü, potensialını göstərdi. Finala yüksəlməyimiz böyük bir qələbədir. “Dördlər finalı”nda hesabın fərqi yoxdur, əsas qalib gəlməkdir. Fikrimcə, oyunun 3:2 hesabı ilə bitməsi komanda üçün yaxşı hal oldu ki, tam arxayınlaşmaq olmaz. Artıq “Rabitə”nin hər bir üzvü başa düşür ki, final çox ciddi olacaq və bu matça qalib gəlmək üçün çıxmaq lazımdır. Onlar buna hazırdırlar. İstər psixoloji cəhətdən, istər oyun tərəfindən hansısa çətinlik yoxdur.

- Yarımfinal görüşünü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla baş nazirin birinci müavini Yaqub Eyyubov canlı izləyirdilər. Onlar qarşılaşmadan sonra matç barədə hansısa fikir bildirdilərmi?
- Onlar da çox həyəcanlı anlar keçirdilər. Mən istəməzdim ki, rəhbərlərə komandamız bu dərəcədə həyəcan yaşatsın. Ancaq təəssüflər olsun ki, bu hallar baş verdi. Mənə elə gəlir ki, onlar da komandanın bir qədər arxayınçılığını gördülər və əsas odur nəticə etibarı ilə hər şey yaxşı qurtardı. Həyəcan keçirməyimizə baxmayaraq, nəticə hamını razı saldı.

- 2 il öncəki final bu gün yenə təkrarlanacaq. Həmin vaxtkı məğlubiyyətin əvəzini “Vakıfbank”dan bu gün çıxmaq çətin olmayacaq ki?
- Fikrimcə, biz onlardan qisasımızı klublararası dünya çempionatında aldıq. Bu gün də heç kəs uduzmaq barədə fikirləşmir, hamı qələbəyə köklənib. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik.

- Bu il Azərbaycanda Rabitəçilər İlidir. Qalib gələcəyiniz halda qələbənizi məhz rabitəçilərə həsr edəcəyinizi demək olarmı?
- Əsas odur komandamız çempion olsun. Bu, həm Azərbaycan, həm rabitəçilər üçün böyük uğur olacaq.