“Çempionlar Liqasının qalibi olmaq iddiamızdan əl çəkən deyilik”
13.03.2013 - 18:00
“Çempionlar Liqasının qalibi olmaq iddiamızdan əl çəkən deyilik”
“Nəticəyə görə məyusuq. Başqa bir nəticə gözləyirdik”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə”nin prezidenti Cəlil Cəfərov deyib.

O komandasının Çempionlar Liqasında ikinci yeri tutmalarına münasibət bildirib. Cəfərovun sözlərinə görə, finalda uduzduqları “Vakıfbank” 30 ilin komandası olduğu halda, “Rabitə” hələ 6 yaşına qədəm qoyur: “Doğurdan da şəxsən mənim bu heyətlə Çempionlar Liqasını udmağa ümidim vardı. Ancaq bu, idmandır. Nə demək olar? Çünki nə ideal oyunçu var, nə də komanda var. 2 il öncə Çempionlar Liqasında “Vakıfbank”a uduzduqdan sonra heç 5 ay keçməmiş Qətərdə dünya çempionatında onlara 3:0 hesabı ilə qalib gəldik. Yəni həmin vəziyyətdir. Buna baxmayaraq, hamını təbrik edirəm. Doğurdan da, böyük bir nəticədir. Çünki bir şeyi nəzərə almalıyıq ki, “Vakıfbank” 30 ilin komandasıdır və bu illər ərzində nəhayət bu səviyyəyə gəlib çıxıb. Ancaq “Rabitə” 6-cı ilə qədəm qoyur. Bu illər ərzində isə dünyada tarix yazaraq, çox qısa müddətdə ən böyük göstəricilər əldə edib. Onsuz da bütün dünya “Rabitə”ni güclü bilir”.

Klub prezidentinin sözlərinə görə, Çempionlar Liqasının qalibi olmaq onların ən başlıca məqsədləridir: “Komandamız Çempionlar Liqasının qalibi olmaq iddiasından əl çəkən deyil. Bunu sizə açıq deyirəm. Bu bizim ən böyük öhdəliyimiz olaraq, bir yükdür. Bunu biz nə vaxtsa həyata keçirməliyik”.

Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasının finalında oynamış ilk Azərbaycan komandası olaraq, 2 dəfə bunu reallaşdırıb.