Milli komandamıza 2 legioner cəlb edildi
28.03.2013 - 12:04
Milli komandamıza 2 legioner cəlb edildi
2011-ci ildə beynəlxalq miqyasda çıxışını dayandıran kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni heyəti formalaşdırılır. Apasport.az saytının məlumatına görə, 2 illik fasilədən sonra dünya çempionatının ilkin mərhələsinə qatılacaq komandamız artıq 2 legioneri milliləşdirib.

Bunlar ukraynalı Giorgi Klepko və rusiyalı Məhəmmədsalam Hacıyevdir. Onların hər ikisi perspektiv vəd etdiyindən komandamızı gücləndirəcəyi bildirilir.

Son illər avrokuboklara belə qatılmadığımızdan kişi voleybolu ölkədə tənəzzül dövrünü yaşayırdı. Lakin artıq bu komandaya da xüsusi diqqətin ayrılması, bölgələrdə layiqli gənclərin axtarılması və təcrübəli oyunçularımızın heyətə qaytarılması millimizin güclənəcəyindən xəbər verir. Bu, həm də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hesablanmış addımdır. Burada voleybol idman növünün olacağı gözlənilir ki, həmin vaxtda da yeni komanda qurmaq asan məsələ deyil.

Qeyd edək ki, kişilərdən ibarət millimiz az öncə bolqarıstanlı Plamen Xristova tapşırılıb. Komandamızın ilk cəhdi mayın 23-26-da Xorvatiyada olacaq. Həmin vaxt yığmamız ev sahibləri, Bosniya və Herseqovina və Hollandiya ilə eyni qrupda mərhələ adlamaq üçün mübarizə aparacaq.