“Bakıda qalmaq müsbət olardı, ancaq...” - MÜSAHİBƏ
20.05.2013 - 11:56
“Bakıda qalmaq müsbət olardı, ancaq...” - MÜSAHİBƏ
“Rabitə”nin sabiq voleybolçusu Dobriana Rabadjiyev “Qalatasaray”a keçidindən sonra ilk müsahibəsini verib. Apasport.az saytının məlumatına görə, 2 qat Azərbaycan çempionu bolqarıstanlı həmkarlarımıza Bakı klubundan gedişindən, ölkəmizdə qazandığı təcrübədən söhbət açıb.

- Azərbaycanda 2 il oynadıqdan sonra “Qalatasaray”a keçdiniz. Transferiniz necə alındı?
- Mən bu klubdan təklifi hələ yanvardan almışdım. Onda “Rabitə”nin heyətində Çempionlar Liqasında mübarizə aparırdım. Açığı, qərarımı dərhal vermədim. Bəzi tərəddüdlərim vardı. Ancaq sonda özlüyümdə qətiləşdirdim ki, “Qalatasaray” gələcəyim üçün yaxşı çağırışdır. Burada məni ən çox cəlb edən odur ki, italiyalı ulduz Eleonora Lo Byanko ilə eyni komandada oynayacam. Bu mənim uşaqlıq arzularımdan biri idi. Onun oyununu indiyə kimi yalnız televiziyadan izləmişəm. İndi mən Eleonora ilə nə vaxt eyni komandada olacağımı səbirsizliklə gözləyirəm.

- “Rabitə”də və Bolqarıstan millisində baş məşqçiniz olan Marçello Abbondanza da karyerasını Türkiyədə davam etdirəcək. Ancaq bu dəfə onunla rəqib olacaqsız...
- Bəli, biz eyni şəhərdə - İstanbulda olacağıq. Ancaq o “Fənərbaxça”da, mənsə “Qalatasaray”da olduğumdan biz bir-birimizə qarşı oynayacağıq. Mən bilirəm ki, Abbondanzanın yeni komandası heyətlə bağlı çox güclü seçim edəcək və maraqlı matçlar olacaq. Mən həmin qarşılaşmaları da səbirsizliklə gözləyirəm.

- “Rabitə”də keçirdiyiniz 2 ili necə dəyərləndirərdiz?
- Azərbaycanda çox güclü 2 mövsüm keçirdim. Belə çıxış mənim arzularımdan biri idi. Dünya çempionu olduq, ardınca Çempionlar Liqasının gümüş medalına yiyələndik. Bu, mənim üçün 2 çox uğurlu mövsüm idi. “Rabitə”də ulduz voleybolçularla komanda yoldaşı oldum, heyətində çox güclü oyunçulara qarşı çıxış etdim və onlardan çox şey öyrəndim.

- Belə olan halda komandanızı niyə dəyişdiz?
- Mənim üçün Bakıda qalmaq müsbət olardı. Ancaq yeni səhifə açmaq, yeni macəra axtarmağın vaxtı idi. Mənə böyük voleybolda təkan verən komanda həmişə qəlbində qalacaq.

- Artıq millinin düşərgəsinə qoşulmusuz. Avropa Liqasından nə gözləyirsiz?
- Hazırda tam gücümüzlə işləmirik. İlk günlər həmişə çox çətin olur. Bu müddətdə fiziki hazırlığa daha çox yer veririk. Abbondanza mayın 20-də komandaya qoşulacaq. Biz gücümüzü qoyub, yayda yaxşı nəticəyə ümid edəcəyik. Məqsədimiz qatılacağımız yarışları mükafatla başa vurmaqdır.