Bakıda Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək aksiyası keçirildi
06.09.2013 - 05:26
Bakıda Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək aksiyası keçirildi
Ötən gün Azərbaycan Güləş Federasiyası (AGF) Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə Sahil bağında “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” devizi altında aksiya keçirib. Apasport.az saytının məlumatına görə, aksiyada AGF-nin nəzdində fəaliyyət göstərən bütün güləş klubları, yığma komandaların üzvləri, eləcə də paytaxtda fəaliyyət göstərən güləş klub və cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanov Azərbaycan güləşçilərinin beynəlxalq arenada qazandığı uğurlardan danışıb və onların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.

Natiqlər bütün dünyada olduğu kimi, Azərbaycanda da idmanın bu növünə böyük maraq olduğunu bildiriblər: “Beynəlxalq Olimpiya Komitəsinin qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya Oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada, eləcə də Azərbaycanda təəccüblə qarşılanıb. Ümid edirik ki, bütün dünyada milyonlarla azarkeşi olan güləş idman növü Olimpiya Oyunlarından kənarda qalmayacaq. Güləş Olimpiya hərəkatı tarixində ən qədim idman növlərindən biridir. Gələcəyə doğru sağlam həyat tərzini təbliğ edən, özündə bir neçə idman növünün fəlsəfəsini birləşdirən, idmanın tarixini özündə cəmləşdirən və mərdlik simvolu olan güləşin Olimpiya Oyunlarının proqramında qalması vacibdir. Olimpiya Oyunlarında güləşin qalması həm də tarixə olan hörmət kimi dəyərləndirilməlidir”.

Ölkəmizdə idmanın bu növü ilə qədim zamanlardan məşğul olunduğunu bildirən natiqlər Azərbaycanda zorxana, milli güləş kimi yarışların keçirildiyini diqqətə çatdırıblar.

Sonra güləşçilərimiz cəngi sədası altında nümunəvi çıxışlarını nümayiş etdiriblər.

Olimpiya, dünya və Avropa çempionları və mükafatçılarının iştirak etdikləri aksiyanın yekununda Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlanıb. Müraciəti Olimpiya çempionu Namiq Abdullayev oxuyub.

Xatırladaq ki, sentyabrın 7-8-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyası keçiriləcək. Sessiyada 2020-ci il Yay Olimpiya Oyunlarında güləş idman növünün saxlanılıb-saxlanılmaması barədə BOK-un yekun qərarı məlum olacaq.

Mənbə: awf-az.org