Rusiyalı baş məşqçi millimizi hesabdan sildi
06.09.2013 - 11:39
Rusiyalı baş məşqçi millimizi hesabdan sildi
“Bizim üçün hazırda ən vacibi ilk oyundu. Bu üzdən Belarusla qarşılaşmaya hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Yuri Mariçev deyib.

Avropa çempionatının startı ərəfəsində iddialı açıqlama verən təcrübəli çalışdırıcı bildirib ki, Azərbaycan, Xorvatiya və Belarusla oyunlar üçün Drezdenə iştirak xatirənə gəlməyiblər: “Komandamız özünə inanır. Biz Avropa çempionatının qalibi olmaq istəyirik. Təbii ki, qrupdan lider kimi mərhələ adlamalıyıq. Bu, bizə əlavə üstünlük verəcək. Hər bir komanda qrupdakı qüvvələr nisbətini yaxşı bilir. Ona görə də düşünmürəm ki, kimsə bizim oyunumuzu qiymətləndirməsin”.

O, Azərbaycan millisinin son oyunlarını əldə etdiyini də deyib: “Azərbaycan və Belarus millilərinin yoxlama oyunlarını videosu bizdə var. Xorvatiya ilə bağlı isə bunu bacarmamışıq. Amma bilirəm ki, onların yaxşı heyəti var. Fikrimcə, buradakı mübarizə gərginliyinə görə Yaponiyadakı Qran-prinin final mərhələsindən az olmayacaq”.

Mariçev yarışdakı favoritlərini də açıqlayıb. O, bu siyahıda Azərbaycanı görmür: “Serbiya yarışın əsas favoritidir. Biz, İtaliya, Bolqarıstan və Almaniya isə onları məyus etməyə çalışacağıq. Bir də Türkiyə millisi var ki, onlar bu il sabit çıxış etmir. Lakin heyəti və iddiası yüksək səviyyədədir”.

Qeyd edək ki, bu gün Belarusla oynayacaq ruslar Azərbaycanla 2 gün sonra qarşılaşacaqlar.