“Azərbaycanla oyun düşündüyümdən də yaxşı alındı”
09.09.2013 - 10:45
“Azərbaycanla oyun düşündüyümdən də yaxşı alındı”
Rusiya millisinin voleybolçusu Yekaterina Pankova Avropa çempionatında Azərbaycanla matç barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandasının kapitanı yığmamızı 3:0 hesabı ilə məğlub edərək, qrup qalibi olduqları görüşdə qələbənin vacibliyindən danışıb.

Pankova bildirib ki, təmsilçimizlə matç düşündüklərindən də yaxşı alınıb: “Xorvatiya ilə çətin oyundan sonra Azərbaycanla qarşılaşmada ən azı 2 setdə qalib gəlməyimiz zəruri idi. Çünki qrup mərhələsini qalib kimi başa vurmaq istəyirdik. Bunu bacaracağımıza da əmin idim. Lakin qarşılaşmanı 3:0 hesabı ilə udmağımız düşündüyümdən də yaxşı oldu”.

Qeyd edək ki, Azərbaycan millisinin mübarizə apardığı C qrupunda Rusiya birbaşa 1/4 finala yüksəldiyi halda, Xorvatiya və Belarus pley-offda oynamaq hüququ qazanıb. Yığmamız isə yarışla vidalaşıb.