“Bakı klubu heç də asan rəqib deyil”
19.09.2013 - 08:43
“Bakı klubu heç də asan rəqib deyil”
“Əsas odur ki, komandamız düzgün kursu çox tez tapdı. Adətən ilk oyunlarda voleybolçularda uyğunlaşma dövrü olur, onlar bir-birinə öyrəşirlər. Lakin bizim bunun üçün elə də böyük vaxtımız yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Moskva “Dinamo”sunun baş məşqçisi Svetlana İliç deyib.

İsveçrə millisini də çalışdıran təcrübəli mütəxəssis yeni mövsümdən danışıb. O, Rusiya mətbuatına verdiyi müsahibəsində bildirib ki, onları oktyabrda Azərbaycan Super Liqasının gümüş mükafatçısı “İqtisadçı” ilə gərgin mübarizə gözləyir: “Oktyabr üçün qrafikimizə baxsaq, aydın olar ki, biz bütün oyunda özümüzü yaxşı tərəfdən göstərməliyik. Çünki həmin ayda 11 matça çıxacağıq. Özü də bu oyunlar arasında Çempionlar Liqasının “İqtisadçı” ilə oyunu var. Bu komanda heç də asan rəqib deyil. Həmçinin, bunu “Pyaçentsa”ya aid etmək olar. Oktyabr bizim üçün əsl sınaq olacaq”.

Qeyd edək ki, Çempionlar Liqasının B qrupunda “İqtisadçı”, “Pyaçentsa” və “Dinamo” ilə yanaşı, “Srvena Zvezda” da yer alıb. Bakı klubu Moskva təmsilçisini oktyabrın 29-da qəbul edəcək.