Sensasiyasız start - YENİLƏNİB
17.10.2013 - 20:36
Sensasiyasız start - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının yeni mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

2013/2014 mövsümünün açılış matçında son illərin dəyişməz çempionu “Rabitə” farm-klubu hesab olunan “Telekom”la üz-üzə gəlib. Angiolino Frigoni başçılıq etdiyi komanda gözlənilən qələbəni qazanıb.

“Telekom” rəqibinə qarşı yalnız ilk setdə ciddi müqavimət göstərə bilib. Onlar birinci texniki fasiləyə 3 top geridə yollansalar da, ardınca fərqi 1 endirməyi bacarıblar – 14:15.

Lakin yenə təcrübə “Rabitə”nin köməyinə gəlib. İkinci texniki fasiləyə 2 top irəlidə çıxan Bakı təmsilçisi ardınca xalları sıralayıb və 25:19 hesablı qələbəyə sevinib.

Növbəti hissə də “Telekom”un məğlubiyyəti ilə başa çatıb – 20:25. Üçüncü setdə isə oyunun axarını dəyişmək istəyən “Telekom” bunu bacarmayıb. “Rabitə”nin inamlı oyunu ilk “quru hesablı” qələbəsini rəsmiləşdirib.

*****

Ardınca “Azəryol” öz “bacısı” – “Azərreyl”i sınağa çəkib. Birincilərin asanlıqla qələbə qazanacaqları gözlənilsə də, proqnozlar özünü doğrultmayıb.

İlk setdə Aleksandr Çervyakovun yetirmələri inamlı təsir bağışlayıblar. Texniki fasilələrə öndə yollanan “Azərreyl” yekunda 7 top fərqi ilə qələbə qazanıb – 25:18.

İkinci hissə də “Azəryol” üçün asan keçməyib. Lakin ikinci texniki fasilə ərəfəsində təşəbbüsü ələ alan komanda hesabı bərabərləşdirməyə nail olub – 1:1.

Üçüncü set gərginliyi ilə yadda qalıb. Gah “Azəryol”, gah da “Azərreyl” önə keçib. Sonda isə braziliyalı Ancelo Vercesinin tapşırıqları öz sözünü deyib. “Azəryol” 30:28 hesabı ilə rəqibini məğlub edərək, set fərqində irəli çıxıb – 2:1.

Lakin “Azərreyl” əzmkarlıq nümayiş etdirərək, yenidən hesabda tarazlıq yaradıb – 2:2. Tay-brekdə isə “böyük bacı” güclü olub – 3:2.

*****

Turun son görüşünün ilk 2 matçla müqayisədə daha maraqlı keçəcəyi gözlənilirdi. Lakin yeni heyətlə mövsümə başlayan “Lokomotiv” “İqtisadçı” qarşısında heç nə edə bilməyib.

Bunun nəticəsi olaraq, “tələbələr” “dəmiryolçular”a çətin anlar yaşadaraq, asan qələbə qazanıblar. Bülənt Karslıoğlunun yetirmələri 3 xala set vermədən yiyələniblər.

*****

Beləliklə, ilk turda “Rabitə” və “İqtisadçı” aktivinə 3 xal yazdığı halda, “Azəryol” 2 xalla kifayətlənib. “Telekom” və “Lokomotiv” isə birinci oyun günündə heç bir setə belə sevinməyib.

17 oktyabr
I tur

“Rabitə” – “Telekom” - 3:0 (25:19; 25:20; 25:18)
“Azəryol” – “Azərreyl” - 3:2 (18:25; 25:18; 30:28; 21:25; 15:12)
“İqtisadçı” – “Lokomotiv” - 3:0 (25:15; 25:19; 25:22)

Qeyd edək ki, bu qarşılaşmalardan sonra yarışda qeyri-müəyyən vaxta kimi fasilə yaranıb.