Serbiyalı mütəxəssis Azərbaycan klublarını siyahıdan sildi
18.10.2013 - 17:52
Serbiyalı mütəxəssis Azərbaycan klublarını siyahıdan sildi
“Omiçka”nın baş məşqçisi Zoran Terziç 2013/2014 mövsümü üçün Çempionlar Liqasının favoritlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssisin siyahısında Azərbaycan komandaları yer almayıb.

Super Liqanın qalibi “Rabitə” ilə eyni qrupda yer alan Omsk təmsilçisinin çalışdırıcısı bildirib ki, əsas mübarizə Rusiya və Türkiyə klubları arasında gedəcək: “Biz Çempionlar Liqasında öncə qrup mərhələsini uğurla başa vurmağı və pley-offa çıxmağı planlaşdırırıq. Konkret oyunlarda addım-addım qələbə qazanmaq lazımdır. Əlbəttə, mən istəyirəm “Dördlər finalı”na yüksələk. Bu, Omskda keçirilsə, lap əla olar. Fikrimcə, Kazan “Dinamo”su, “Omiçka” və 3 Türkiyə klubu favoritdir. Bizim üçün bu yarışla yanaşı, Rusiya çempionatı və kubokunda da uğurlu çıxış vacibdir”.

Qeyd edək ki, Çempionlar Liqasında “Rabitə”dən başqa, Bakının “İqtisadçı” və “Azəryol” klubları da mübarizə aparırlar. “Omiçka” isə analoji yarışda debüt matçına məhz paytaxtımızda çıxacaq. Onlar oktyabrın 24-də Azərbaycan çempionu qarşısında “imtahan” verəcəklər.