Bakıya qalib kimi gəlir
21.10.2013 - 08:30
Bakıya qalib kimi gəlir
Qadın voleybolçular arasında Rusiya Super Liqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Tümen-TümQU”nu qəbul edib.

Matç Omsk təmsilçisinin asan qələbəsi ilə başa çatıb – 3:0 (25:20, 25:21, 25:18). Məmmədova görüşdə 23 xal toplayıb.

Çempionlar Liqasında “İqtisadçı”nın rəqibi Moskva “Dinamo”su da 3 xala asanlıqla yiyələnib. Onlar “Fakel”i 3:0 (25:17, 25:19, 25:10) hesabı ilə məğlub ediblər.

Beləliklə, rəqiblərindən 1 oyun az keçirən “Omiçka” 12 xalla turnir cədvəlinə başçılıq edir. Onlarla eyni sayda oyun keçirən Kazan “Dinamo”sunun da aktivində eyni xal var. “Üçlüyü” isə Moskvanın eyniadlı komandası qapayır. Paytaxt təmsilçiləri 12 xala malik olsalar da, bunu 5 qarşılaşmaya toplayıblar.

Qeyd edək ki, “Omiçka” Çempionlar Liqasında “Rabitə”nin rəqibləridir. Onlar oktyabrın 24-də Bakıda Azərbaycan çempionu ilə qarşılaşacaqlar.